Balıqçılara yeni nəzarət dalğası

95

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında birinci oxunuşda bəyənilən yeni “Balıqçılıq haqqında” qanun layihəsində Azərbaycanda balıqçılıq subyektlərinə və su sahələrinə nəzarət edəcək müvafiq qurumun səlahiyyətləri genişləndirilir.

Denizxeber.az bildirir ki, sənədə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən sahə üzrə 18 fərqli dövlət nəzarəti tədbiri həyata keçiriləcək.

Dövlət nəzarətinin əsas istiqamətləri

Yaradılacaq yeni tənzimləmə mexanizminə əsasən, dövlət nəzarəti tədbirlərinə aşağıdakılar daxil edilib:

  • Gəmilərin saxlanılması və yoxlanılması: Qanunsuz balıq ovu ilə məşğul olan gəmilərin saxlanılması, təyin olunmuş yerə istiqamətləndirilməsi, gəmilərə, nəqliyyat vasitələrinə, balıqovlama biletlərinə və alətlərinə maneəsiz baxış keçirilməsi;
  • Kvota və mənşə nəzarəti: Ovlanmış balıqların kvotaya uyğunluğunun yoxlanılması, bazarlarda satılan balıq məhsullarının mənşəyi, növü, miqdarı və çəkisinə dair müşayiətedici sənədlərin faktiki vəziyyətlə tutuşdurulması;
  • Akvakultura və nohurlara nəzarət: Süni balıqartırma təsərrüfatlarının (akvakultura) Biotexnoloji Layihə Sənədinə uyğunluğunun yoxlanılması, nohurların qurudulması, doldurulması və torpaq resurslarının götürülməsinə nəzarət;
  • Su obyektlərində qadağalar və razılıqlar: Çaylarda və kanallarda su axınının kəsilməsinə, su anbarlarından suyun buraxılmasına, kürütökmə yerlərində bəndlərin çəkilməsinə və su təsərrüfatı obyektlərinin istifadəyə verilməsinə rəsmi razılığın verilməsi;
  • Beynəlxalq ticarət (CITES): Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (idxal, ixrac, təkrar ixrac) üçün xüsusi icazələrin (sertifikatların) təmin edilməsi;
  • Məcburi göstərişlər: Qanun pozuntularının aradan qaldırılması üçün balıqçılıq subyektlərinə icrası məcburi olan rəsmi göstərişlərin verilməsi.
Mühafizə əməkdaşlarına xidmət silahı və fiziki qüvvə tətbiq etmək hüququ verilir

Qanun layihəsində dövlət nəzarətini həyata keçirən işçilərin təhlükəsizliyi və əməliyyat imkanları xüsusi qeyd olunub. Belə ki, müvafiq qurumun işçiləri xüsusi geyim, fərqlənmə nişanları, xüsusi vasitələr, xidməti silah və sursatlar ilə təmin ediləcəklər. Qurumun siyahısı müəyyən edilmiş vəzifəli şəxsləri qanunvericiliklə nəzərdə tutulmuş hallarda qanunsuz ovla məşğul olan şəxslərə qarşı fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq edə biləcəklər.

Bundan başqa, müvafiq nəzarət orqanına Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində reydlərin keçirilməsi üçün xüsusi gəmilər, minik avtomobilləri və digər texniki nəqliyyat vasitələri satın almaq, icarəyə və ya əvəzsiz istifadəyə götürmək hüququ verilir.

Sahibkarların hüquqları və rəqəmsal kadastr sistemi

Sənəddə sahibkarlıq subyektlərinin maraqları da nəzərə alınıb. Balıqçılıq sahəsində aparılacaq bütün yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun həyata keçiriləcək.

Eyni zamanda, balıqçılıq subyektləri, gəmilər, ov alətləri və infrastruktur barədə bütün fərdi və kommersiya məlumatları qurumun vahid informasiya sistemində toplanacaq. Balıqçılıq su obyektləri və vətəgə sahələri barədə məlumatların tamlığını təmin etmək məqsədilə bu sistem daşınmaz əmlakın dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri sistemləri ilə inteqrasiya olunacaq.