Azərbaycanda balıqçılıq sahəsində nəzarət mexanizmləri əsaslı şəkildə gücləndirilir və rəqəmsal idarəetmə sisteminə keçid təmin olunur.
Denizxeber.az bildirir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, ölkədə balıqçılıq sahəsində ilk dəfə olaraq geniş rəqəmsal nəzarət mexanizmləri tətbiq ediləcək. Belə ki, balıq ovu ilə məşğul olan subyektlər istifadə etdikləri balıqçı gəmiləri və balıq ovu alətləri barədə ətraflı məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun vahid informasiya sisteminə daxil etməli olacaqlar.
Qanun layihəsində diqqətçəkən əsas müddəalardan biri də dənizdə naviqasiya və təhlükəsizlik qaydalarının sərtləşdirilməsidir. Yeni tələblərə görə, balıqçı gəmilərində normativ hüquqi aktlarla müəyyən edilmiş texniki nəzarət vasitələrinin quraşdırılması və onların daim işlək vəziyyətdə saxlanılması məcburi olacaq. Bu texniki vasitələrə aşağıdakılar daxildir:
- Gəmilərin avtomatik identifikasiya sistemi (AIS);
- Gəmilərin peyk əsaslı məsafədən izləmə sistemi;
- Müasir naviqasiya və digər xüsusi texniki avadanlıqlar.
Yaradılacaq vahid informasiya sistemində təkcə gəmilər və ov alətləri deyil, həmçinin balıqçılıq infrastrukturu və ticarət dövriyyəsinə çıxarılan balıq məhsullarının mənşəyi, növü, çəkisi və partiya miqdarı barədə məlumatlar da toplanacaq. Bu addım qanunsuz balıq ovunun (brakonyerliyin) qarşısının alınmasına və su bioresurslarının dayanıqlı idarə edilməsinə xidmət edəcək.





