Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirə olunan yeni “Balıqçılıq haqqında” qanun layihəsində balıqçılıq subyektlərinin (sahibkarlar və fərdi şəxslər) hüquq və vəzifələrinin əhatəli siyahısı müəyyən edilib.
Denizxeber.az bildirir ki, qanun layihəsində balıqçıların iqtisadi sərbəstliyi təmin olunmaqla yanaşı, dənizdə təhlükəsizlik və şəffaflığın artırılması məqsədilə ciddi rəqəmsal öhdəliklər qoyulur.
Balıqçılıq subyektlərinin hüquqları
Yeni sənədə əsasən, balıqçılıqla məşğul olan şəxslərə aşağıdakı hüquqlar verilir:
- Məhsul üzərində tam sərbəstlik: Ovlanmış və ya akvakultura (süni artırma) yolu ilə əldə edilmiş məhsullara sahiblik, istifadə və sərəncam (satış, emal və s.) hüquqlarını sərbəst həyata keçirmək;
- İnfrastrukturdan istifadə: Balıqovlama biletini əldə etmək və qanunla müəyyən edilmiş vətəgə sahələrindən, mülkiyyətində və ya icarəsində olan su obyektlərindən və torpaqlardan akvakultura məqsədilə istifadə etmək;
- Təşkilatlanma: Qanunvericiliklə qadağan olunmayan həmkarlar ittifaqlarında və digər ictimai birliklərdə sərbəst iştirak etmək.
Gəmilərin peyk vasitəsilə izlənilməsi və digər vəzifələr
Qanun layihəsi balıqçılıq subyektlərinin üzərinə eyni zamanda 16 mühüm vəzifə qoyur. Bunların arasında rəqəmsallaşma və ekoloji təhlükəsizlik məsələləri ön plana çıxır:
- Peyk və naviqasiya nəzarəti: Balıqçı gəmilərində avtomatik identifikasiya (AIS), peyk əsaslı izləmə və müvafiq naviqasiya sistemləri quraşdırılmalı və hər zaman işlək vəziyyətdə saxlanılmalıdır. Gəmi və ov alətlərinin qeydiyyat qaydalarını, eləcə də texniki nəzarət vasitələrinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək;
- Rəqəmsal uçot: Gəmilər, istifadə olunan ov alətləri, eləcə də satışa çıxarılan balıq məhsullarının növü və həcmi barədə məlumatlar müvafiq dövlət qurumunun elektron informasiya sisteminə daxil edilməlidir;
- Ekoloji qadağalar: Su obyektlərində suyun keyfiyyətinin pisləşməsinə yol verməmək, qanunla qadağan olunmuş ov alətlərindən istifadə etməmək və yerli ekosistemə mənfi təsir göstərə bilən yad (invaziv) balıq növlərinin iqlimləşdirilməsinə (suya buraxılmasına) yol verməmək;
- Akvakulturaya dair tələblər: Biotexnoloji Layihə Sənədində nəzərdə tutulmayan balıq növlərindən və qida təhlükəsizliyi standartlarına cavab verməyən yemlərdən istifadə etməmək;
- Qida təhlükəsizliyi və yoxlamalar: Dövlət nəzarəti orqanının tələbi ilə Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, idxal məhsullarına dair sağlamlıq aktını təqdim etmək, sanitariya, baytarlıq və karantin qaydalarına tam riayət etmək;
- Reydlərə şərait yaradılması: Yoxlama həyata keçirən vəzifəli şəxslərin qanuni tələblərini yerinə yetirmək, yoxlamalara şərait yaratmaq və verilən yazılı göstərişləri vaxtında icra etmək.





