Araz çayı boyu formalaşan infrastrukturun iqtisadi potensialı

74

Ermənistan son illərdə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində irimiqyaslı yol infrastrukturu layihələrini həyata keçirir.

Denizxeber.az bildirir ki, Aqarak–Kacaran (32 km) hissəsinin tikintisinə 5 fevral 2024-cü ildə başlanılıb. Layihə çərçivəsində ümumi uzunluğu 7,2 km olan tunellərin inşası aparılır və işlərin 2032-ci ildə başa çatdırılması planlaşdırılır. Podratçılar İranın Abad Rahan Pars International Group və Tunnel Sadd Ariana şirkətləridir.

Həmin şirkətlər 2022-ci ildə Gürcüstan–Ermənistan sərhədində, Sadaxlı–Baqrataşen keçid məntəqəsində Debeda çayı üzərində yeni 4 zolaqlı Dostluq körpüsünü də inşa ediblər. AYİB-in 7,4 milyon avro maliyyə dəstəyi ilə tikilən 160 metrlik körpü sərhəd-keçid məntəqəsinin ötürmə qabiliyyətini təxminən iki dəfə artırıb.

2026-cı ildə isə Sisian–Kacaran magistral yolunun növbəti mərhələsinin icrasına başlanılıb. Təxminən 60 km uzunluğunda yeni yolun tərkibində 9 tunel (ümumi uzunluğu 12,5 km), 27 körpü (ümumi uzunluğu 4,7 km) və ölkənin ən uzun – 8,6 km-lik Barguşat tuneli inşa ediləcək. Layihənin dəyəri 858 milyon avrodur və onu Fransanın VINCI Construction Grands Projets və Razel-Bec şirkətlərinin konsorsiumu həyata keçirəcək.

8 avqust 2025-ci il tarixli Vaşinqton Bəyannaməsi və onun çərçivəsində irəli sürülən TRIPP (Trump Route for International Peace and Prosperity) təşəbbüsü Cənubi Qafqazın logistika xəritəsində yeni mərhələnin əsasını qoyur. Layihə üzrə nəqliyyat infrastrukturunun tikintisinə bu il başlanılması planlaşdırılır.

TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin inkişafına, Ermənistanın regional tranzit şəbəkəsinə inteqrasiyasına, Türkiyə vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımalarının genişlənməsinə töhfə verə bilər. Bu təşəbbüs Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz və Araz çayı boyunca formalaşan beynəlxalq logistika marşrutlarının qarşılıqlı inteqrasiyasını daha da gücləndirəcək.

Azərbaycan da son beş ildə azad edilmiş ərazilərdə və beynəlxalq nəqliyyat dəhlizləri üzrə irimiqyaslı infrastruktur layihələrini sürətlə həyata keçirir.

Araz çayı üzərində Ağbənd–Kəlalə avtomobil körpüsü istifadəyə verilib, yeni sərhəd-keçid və gömrük kompleksi tikilir.

56,4 km uzunluğunda Xudafərin–Qubadlı–Laçın dördzolaqlı avtomagistralının böyük hissəsi tamamlanıb, qalan hissələrdə tikinti davam edir.

75,8 km uzunluğunda Laçın–Kəlbəcər avtomobil yolunda çoxsaylı tunellər, estakadalar və digər mürəkkəb mühəndis qurğuları inşa olunur.

Murovdağ tuneli layihəsində tikinti işləri intensiv şəkildə davam etdirilir.

Eyni zamanda Zəngəzur istiqamətində Ələt–Ağbənd dəmir yolu, yeni avtomagistrallar, Naxçıvan istiqamətində nəqliyyat infrastrukturu, eləcə də Türkiyədə Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu layihəsi Araz dəhlizinin vahid beynəlxalq logistika sisteminə çevrilməsini sürətləndirir.

Bütün bu layihələr göstərir ki, Araz çayı boyunca formalaşan nəqliyyat dəhlizi artıq yalnız regional deyil, Avrasiyanın əsas geoiqtisadi məkanlarından birinə çevrilməkdədir. Xəzər dənizi, Qara dəniz və Fars körfəzi arasında yerləşən bu strateji zolaqda inşa olunan hər yeni avtomobil yolu, dəmir yolu, körpü və tunel gələcək beynəlxalq yük axınlarının istiqamətini müəyyənləşdirəcək.

Məhz burada Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz və Cənub–Qərb beynəlxalq nəqliyyat marşrutları bir-birini tamamlayır. Buna görə də region ölkələrinin həyata keçirdiyi layihələr yalnız milli infrastruktur deyil, həm də Avropa, Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında iqtisadi inteqrasiyanın əsas dayaqlarından hesab olunur.

Bu geoiqtisadi rəqabətdə Azərbaycan lokomotiv rolunu qoruyur. Son illərdə yaradılan beynəlxalq dəniz limanı, müasir avtomobil və dəmir yolu şəbəkəsi, beynəlxalq hava limanları və inkişaf etmiş logistika infrastrukturu ölkəni regionun ən güclü nəqliyyat qovşaqlarından birinə çevirib. Araz çayı boyunca həyata keçirilən layihələr isə bu üstünlüyü daha da möhkəmləndirərək Azərbaycanın Avrasiya nəqliyyat sistemində strateji mövqeyini gücləndirir.