Yeni nəsil dənizçilərimiz peşəkar həyata qədəm qoyur – FOTO

149

İyunun 24-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunmuş təntənəli “Məzun Günü” tədbiri keçirilib. Tədbirdə ADDA rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər.

Denizxeber.az bildirir ki, Mərasim Dövlət Himninin səsləndirilməsi, şəhidlərin və xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş dənizçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Akademiyanın yubiley videosu və dənizçilik təhsilinin tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

145 illik tarixdə əlamətdar buraxılış

Tədbirdə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev builki məzunların Azərbaycan dənizçilik təhsilinin 145 illiyi və ADDA-nın 30 illik yubileyinə təsadüf etdiyini vurğulayıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Fakültə dekanları Rafiq Əsgərov, Elnur Abbasov və şöbə müdiri Əsədullah Süleymanov gənc dənizçilərin dünya sularında üzən gəmilərdə fəaliyyət göstərmək və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etmək imkanlarına malik olduqlarını diqqətə çatdırıblar. Valideynlər və məzunlar adından çıxış edənlər də Akademiya kollektivinə minnətdarlıqlarını bildiriblər.

Ən yüksək nəticə göstərən məzunlar mükafatlandırılıb

Tədbir çərçivəsində ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə öz ixtisasları üzrə ən yüksək nəticə əldə edən 8 tələbəyə ADDA rəhbərliyi tərəfindən “Fəxri Məzun” sertifikatları təqdim olunub:

  • Novruzəli Əmirbəyov (204MR qrupu)
  • Nihad İlyasov (184M qrupu)
  • Rəsul İsgəndərov (052İ qrupu)
  • Murad Ələsgərov (102A qrupu)
  • Fərrux Musayev (092A qrupu)
  • Daşqın Quliyev (072A qrupu)
  • Fuad Səbzalıyev (194M qrupu)
  • Fazil Dostiyev (364M qrupu)

Musiqi nömrələri, intellektual viktorinalar və əyləncəli proqramlarla davam edən tədbirin sonunda prorektor İradə Süleymanova məzunları təbrik edib. “Məzun Günü” simvolik açarın aşağı kurslara ötürülməsi, məzun zənginin çalınması və ənənəvi papaqatma mərasimi ilə başa çatıb.