Gəmiçilik sənayesində ixtisaslı kadr çatışmazlığı təhlükəsi

82

Baltik və Beynəlxalq Dəniz Şurası (BIMCO) və Beynəlxalq Gəmiçilik Palatası (ICS) tərəfindən yayımlanan “2026-cı il dənizçi işçi qüvvəsi hesabatı”nda bildirilir ki, dünya ticarət donanmasının artan tələbatını qarşılamaq üçün 2030-cu ilədək əlavə 113 735 STCW (Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkməsi üzrə standartlar haqqında beynəlxalq konvensiya) sertifikatlı gəmi zabitinə ehtiyac olacaq.

Denizxeber.az bildirir ki, hesabata əsasən, hazırda dünya üzrə 85 148 ticarət gəmisində ümumilikdə 2,57 milyon dənizçi çalışır. Bununla yanaşı, 2026-cı ildə 39 100 STCW sertifikatlı zabit çatışmazlığı, əvəzində isə 56 890 sıravi heyət artıqlığı proqnozlaşdırılır.

Mütəxəssislərin hesablamalarına görə, 2030-cu ilədək hər il əlavə 22 747 zabit və 8 475 sıravi heyət üzvü dənizçilik sektoruna cəlb edilməlidir.

BIMCO-nun baş katibi və icraçı direktoru David Loosley bildirib ki, gələcəkdə dənizçilik sənayesinin dayanıqlı inkişafı üçün dənizçilərin cəlb edilməsi, hazırlanması və peşədə saxlanılması əsas prioritetlərdən biridir.

ICS-in baş katibi Tomas A. Kazakos isə vurğulayıb ki, dənizçilər qlobal ticarətin əsas dayağıdır və alternativ yanacaqlara, eləcə də yeni texnologiyalara keçid dövründə onların peşə hazırlığına və ixtisasartırmasına investisiyaların artırılması həyati əhəmiyyət daşıyır.

Hesabatın müəllifləri hesab edirlər ki, zabit çatışmazlığının qarşısını almaq üçün dəniz təhsili və dənizçilik peşələrinin daha fəal təşviq edilməsi, həmçinin dənizçilərin işə qəbulu və peşədə saxlanılması göstəricilərinin mütəmadi monitorinqi vacibdir.