Tanzaniya gəmisinin sahildən çıxarılması üçün işlər sürətləndirilib

67

Keniya hakimiyyəti və xilasedici qruplar altı həftədir ölkənin Nyali çimərliyi yaxınlığında sahilə oturmuş Tanzaniya bayraqlı “MV Dan” yük gəmisinin yenidən üzdürülməsi istiqamətində hazırlıq işlərini davam etdirir.

Denizxeber.az bildirir ki, 1985-ci ildə inşa edilmiş, 4 900 ton dedveytə  malik və Türkiyə şirkətinə məxsus olan gəmi mayın 17-də Tanzaniyanın Tanqa limanından səfər edərkən marşrutdan çıxaraq Keniya sularında dayazlığa oturub. Hadisə ətraf mühitə mümkün təsirlə bağlı narahatlıq doğursa da, Keniya Dəniz Administrasiyası bildirib ki, aparılan yoxlamalar nəticəsində gəminin gövdəsində zədələnmə və ya yanacaq sızması aşkarlanmayıb.

Qurumun məlumatına görə, hazırda çirklənmə riski minimal qiymətləndirilir, lakin ehtiyat tədbirləri davam etdirilir və Keniya Sahil Mühafizəsi gəmini 24 saat nəzarətdə saxlayır.

Gəminin sahibi “SLM Maritime” şirkəti Keniya rəsmiləri ilə birlikdə gəmini növbəti əlverişli qabarma dövründə – təxminən 13 iyul tarixində yenidən üzdürməyi planlaşdırır.

Əməliyyatın xüsusi diqqətlə həyata keçirilməsi nəzərdə tutulur, çünki hadisə yeri Mombasa Dəniz Milli Parkı və qorunan mərcan rifləri ilə zəngin həssas dəniz ekosisteminin yaxınlığında yerləşir.

“MV Dan” gəmisi 2025-ci ildə Sloveniyada keçirilən liman dövləti nəzarəti yoxlaması zamanı naviqasiya təhlükəsizliyi, yanğın təhlükəsizliyi, su keçirməyən qapılar və sertifikatlarla bağlı bir sıra çatışmazlıqlara görə irad almışdı.