ABŞ və İran arasında davam edən danışıqlar fonunda Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti son həftədə əvvəlki həftə ilə müqayisədə təxminən 54 faiz artıb.
Denizxeber.az bildirir ki, fevralın 28-də Yaxın Şərqdə müharibənin başlamasından sonra gəmi hərəkətinin demək olar ki, dayandığı boğazda ABŞ-İran razılaşması fonunda canlanma müşahidə olunur. Bununla belə, boğazdan ümumi keçidlər hələ də müharibədən əvvəlki səviyyədən (gündəlik orta hesabla 130 gəmi) təxminən 70 faiz aşağıdır.
“Kpler” analitik şirkətinin statistik məlumatlarına əsasən, son iki həftədə boğazdakı hərəkət dinamikası belə olub. Boğazdan cəmi 223 gəmi keçib (gündəlik orta hesabla 32 gəmi). Ən aşağı göstərici iyunun 15-də (18 gəmi), ən yüksəyi isə iyunun 20-də (50 gəmi) qeydə alınıb. Boğazdan keçən gəmilərin sayı 343-ə yüksəlib (gündəlik orta hesabla 49 gəmi). Ən aşağı trafik iyunun 28-də (24 gəmi) qeydə alındığı halda, iyunun 24-də 76 gəminin keçidi ilə fevralın 28-dən bəri ən yüksək sutkalıq göstərici əldə olunub. Boğazdan azı 6 milyon barel xam neft daşıyan 40 gəmi keçib.
Ekspertlər bildirirlər ki, danışıqlardakı qeyri-müəyyənlik səbəbindən treyderlər hələ də bu marşruta ehtiyatla yanaşırlar. Ötən müddətdə boğazdan keçən ticarət gəmiləri əsasən İran, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Küveytdən xam neft daşıyan tankerlər olub. Həmçinin qeyd edilir ki, keçid edən gəmilərin əksəriyyəti İran sularındakı marşrutlardan istifadə edən “kölgə donanmaları” və sanksiyalara məruz qalan gəmilərdir.





