Çin ölkədə ilk dəniz–çay intermodal sıfır karbon emissiyalı konteyner marşrutunu istismara verib. Yeni xidmət çərçivəsində “Ningyuan Dianpeng” adlı 10 min tonluq tam elektriklə işləyən konteyner gəmisi bu həftə Çjeszyan əyalətindəki Ciasin limanından Ninbo–Çjouşan limanına ilk reysini həyata keçirib.
Denizxeber.az Seanews.az-a istinadən xəbər verir ki, uzunluğu 127,8 metr olan gəmi 742 TEU konteyner daşımaq gücünə malikdir. “Ningyuan Dianpeng” ümumi enerji tutumu təxminən 20 min kVt-saat olan 10 konteyner tipli batareya bloku ilə təchiz edilib.
Yeni marşrut Yantszı çayı deltasının daxili bölgələrində fəaliyyət göstərən elektrik gəmilərini dənizdə işləyən batareya ilə təchiz edilmiş konteyner gəmisi ilə birləşdirərək sıfır karbon emissiyalı logistika zənciri yaradır. Yüklər əvvəlcə elektriklə işləyən daxili su nəqliyyatı vasitələri ilə Ciasin limanına çatdırılır, sonra isə “Ningyuan Dianpeng” vasitəsilə Ninbo–Çjouşan limanına daşınır.
Rəsmi hesablamalara əsasən, yeni marşrut hər konteyner üzrə karbon emissiyalarını təxminən 60 kiloqram, ümumi illik emissiyaları isə 4 800 ton azaldacaq. “Ningyuan Dianpeng” gəmisinə gəlincə, o, hər il təxminən 800 ton yanacağa qənaət edəcək və 2 min tondan çox karbon emissiyasının qarşısını alacaq.
Mütəxəssislər bildirirlər ki, Çin dövlət dəstəyi, gəmiqayırma potensialı, batareya istehsalı və liman infrastrukturuna qoyulan sərmayələr hesabına elektrik gəmilərinin kommersiya istismarında dünya liderinə çevrilib.





