Bilirdiz dənizçilər gəminin sürətini və qət etdiyi məsafəni necə müəyyənləşdirirdilər? – FOTO

163

XIX əsrin naviqasiya möcüzəsi: “Suraxanı” gəmi-muzeyindəki mexaniki spidometr

Denizxeber.az bildirir ki, müasir gəmilərdə sürət və məsafə ən son rəqəmsal texnologiyalar və peşəkar naviqasiya sistemləri ilə ölçülsə də, XIX əsrdə dənizçilərin köməyinə tamamilə fərqli və maraqlı mexaniki qurğular çatırdı. Belə unikal cihazlardan biri də harpun formasında hazırlanmış mexaniki spidometrdir (Harpoon log).

Qurğunun işləmə prinsipi: Bu cihaz gəminin arxasınca suya buraxılaraq hərəkət edirdi. Gəmi irəlilədikcə suyun müqaviməti nəticəsində harpun paralel olaraq fırlanmağa başlayırdı. Qurğunun üzərindəki xüsusi mexanizm bu dövrləri hesablayır və siferblatdakı göstəricilər vasitəsilə qət olunmuş məsafəni avtomatik olaraq dəniz mili ilə qeydə alırdı. Bu yolla gəminin sürəti təyin edilirdi.

Eksponatın pasport göstəriciləri:

  • Adı: Mexaniki spidometr-harpun
  • İstehsal yeri: Birminhem, İngiltərə (Üzərindəki 3380 seriya nömrəsi və yüksək keyfiyyət nişanı olan “A1” damğası ilə)
  • Tarixi: 1862–1863-cü illər
  • Materialı: Metal, orijinal fıstıq ağacından hazırlanmış qutusu ilə birlikdə
  • Ölçüləri: 54 × 13 × 13 sm

Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin “Naviqasiya və kommunikasiya” zalında sərgilənən bu eksponat, ziyarətçilərə dənizçilik texnologiyalarının keçdiyi tarixi təkamül yolunu əyani şəkildə nümayiş etdirir.

Suraxanı Gəmi Muzeyi ekskursiyası videosu vasitəsilə muzeyin daxili zalları, qədim naviqasiya alətləri və digər unikal eksponatları ilə virtual olaraq yaxından tanış ola bilərsiniz.