Supertanker sahibi milyonlar qazandı

65

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələrindən sonra başlayan hərbi əməliyyatlar və regionda yaranan geosiyasi gərginlik qlobal dəniz daşımalarına kəskin təsir göstərib.

Denizxeber.az bildirir ki, dünyanın ən mühüm strateji su keçidlərindən olan Hörmüz boğazında daşımaların çətinləşməsi və sonradan tamamilə dayanması bölgə dövlətlərini xam neft ixracı üçün gizli və alternativ yollar axtarmağa məcbur edib. Yaranan bu böhran vəziyyəti isə riskə gedən tanker sahibləri üçün nəhəng qazanc qapısı açıb.

Müharibənin başlamasından cəmi bir neçə həftə sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) transponderləri (gəmilərin üzərkən tanınma siqnalı verən xüsusi qurğularını) söndürərək gizli şəkildə hərəkət etmək və neft yükünü açıq dənizdə digər tankerlərə ötürmək (STS – gəmidən gəmiyə ötürmə) kimi taktiplərdən istifadə etməyə başlayıb. Hörmüz boğazındakı bu təhlükəli əməliyyatlarda ərəb tərəfdaşlarına Cənubi Koreyanın gəmiçilik nəhəngi Qa-Hyun Çunqun rəhbərlik etdiyi “Sinokor” Qrupu (Sinokor Merchant Marine) logistik dəstək verib.

BƏƏ neftinin yarısını təkbaşına daşıyıblar

“Sinokor” Qrupu gərginliyin ən pik həddə çatdığı dövrlərdə Fars körfəzindən xam neft daşıyan supertankerlərin əsas sahibi qismində çıxış edib. “Vortexa” analitik şirkətinin topladığı məlumatlara görə, boğazda vəziyyətin kəskin pisləşdiyi aprel ayının ortalarından etibarən bu şirkət Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) iritutumlu gəmilər icarəyə verməyə başlayıb. Nəticədə, iyun ayına qədər BƏƏ-nin xam neft daşınmalarının təxminən yarısı məhz “Sinokor” şirkətinin nəzarətində olan gəmilər vasitəsilə idarə olunub.

Təbii ki, yüksək riskli zonalarda həyata keçirilən bu proseslər böyük maliyyə vəsaitləri hesabına başa gəlib. Gəmiçilik brokerlərinin hesablamalarına görə, “Sinokor”un Əbu-Dabi Milli Neft Şirkəti ilə bağladığı strateji müqavilələr fonunda yalnız üç tankerin servis xidməti şirkətə təxminən 60-120 milyon dollar xalis qazanc gətirib. Hətta Pakistanın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan olunduqdan sonra da “Sinokor” Fars körfəzinə neft yükləməyə hazır daha 2 supertanker göndərib və təkcə BƏƏ ilə məhdudlaşmayaraq körfəzin digər regionlarından da neft barelləri əldə etmək üçün gəmi brokerlərinin xidmətlərini fəal şəkildə təşviq etməkdədir.

Konteyner şirkətindən qlobal supertanker nəhənginə

Baş ofisi Seulda yerləşən “Sinokor”un bu uğuru dənizçilik bazarında böyük təəccüblə qarşılanıb. Belə ki, şirkət ilkin olaraq fəaliyyətinə kiçik konteyner daşıma şirkəti kimi başlayıb, daha sonra neft tankerləri sektorunda kiçik bir oyunçuya çevrilib. Lakin ötən ilin sonunda dünyanın ən böyük konteyner xətlərindən biri olan MSC (Mediterranean Shipping Company) şirkətinin dəstəyi ilə supertankerlərin alınması və icarəsi üçün bir sıra irihəcmli müqavilələr bağladıqdan sonra şirkətin mövqeyi kəskin şəkildə dəyişib.

Hesablamalara görə, fevral ayının sonuna olan məlumata əsasən, “Sinokor” artıq 150-dən çox VLCC (çox böyük xam neft tankeri) tipli gəmiyə nəzarət edir. Bu nəhəng rəqəm heç bir beynəlxalq sanksiyaya məruz kalmayan, uzunmüddətli çarter müqavilələri ilə bağlı olmayan və müntəzəm marşrutlarda fəaliyyət göstərən qlobal donanmanın təxminən 40 faizini təşkil edir. Müharibənin başlamasından hələ bir neçə həftə əvvəl regiona ən azı altı boş supertanker yerləşdirən şirkət, körfəzdə neft saxlamaq üçün yerlər tükənəndə bu gəmiləri gündəlik fantastik qiymətlərlə icarəyə verərək qlobal böhranı böyük bir qazanc fürsətinə çevirməyi bacarıb.