Tranzit bərpa olunsa da, yanaşma dəyişir

54

Denizxeber.az bildirir ki, Hörmüz boğazında gəmiçiliyin bərpasından sonra da dayanıqlılıq qlobal logistika sisteminin əsas müəyyənedici amili olaraq qalacaq. Bunu Beynəlxalq Nəqliyyat Forumunun (BNF) nümayəndəsi Trend agentliyinə eksklüziv şərhində bildirib. Təşkilatdan qeyd olunub ki, BNF Hörmüz boğazında baş verən prosesləri, eləcə də qlobal logistikada pozuntulara səbəb olan digər faktorları diqqətlə izləməkdədir.

BNF-nin məlumatına görə, hazırda qlobal nəqliyyat sistemləri iqlim riskləri, iqtisadi qeyri-sabitlik, texnoloji nasazlıqlar, səhiyyə böhranları və geosiyasi gərginliklə bağlı zəncirvari təhdidlərlə üz-üzədir. Bu səbəbdən logistika sektoru öz prioritetlərini mövcud çağırışlara uyğun şəkildə dəyişir. Forum rəsmiləri vurğulayıblar ki, qlobal miqyasda diqqət artıq sadəcə səmərəlilikdən daha çox dayanıqlılığa yönəlib. Dayanıqlılıq isə iqlim dəyişikliyi və rəqəmsal risklərin yaratdığı stress və qeyri-müəyyənlik şəraitində nəqliyyat şəbəkələrinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini ifadə edir. Təşkilat hesab edir ki, dayanıqlı nəqliyyat şəbəkələri iqtisadi fəallığın davamlılığını təmin etməklə yanaşı, sektorun qəfil yaranan pozuntulara operativ reaksiya vermək imkanlarını artırır, ən həssas əhali qruplarını qoruyur, daha sürətli bərpanı dəstəkləyir, eyni zamanda öyrənmə və innovasiyaları təşviq edir.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret nəticə əldə olunmadığından, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələri endirməyə başlayıb. İran isə həmin gündən etibarən İsrailə və regiondakı ABŞ obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Pakistanın vasitəçiliyi ilə aprelin 7-də tərəflər arasında atəşkəs barədə razılıq əldə olunub. Daha sonra iyunun 18-də İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp arasında sülh memorandumu imzalanıb və sənəd iyunun 19-dan qüvvəyə minib. İyunun 21-də isə Pakistan və Qətərin vasitəçiliyi ilə tərəflər arasında danışıqların ilk mərhələsi keçirilib. Müzakirə olunan əsas mövzulardan biri dünyanın ən mühüm strateji dəniz keçidlərindən biri hesab olunan Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası olub. Dünya üzrə neft tədarükünün təxminən beşdə biri, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin əhəmiyyətli hissəsi məhz bu boğazdan həyata keçirildiyi üçün onun fasiləsiz fəaliyyəti qlobal dəniz daşımaları, enerji bazarları və beynəlxalq təchizat zəncirləri baxımından həlledici önəm daşıyır.