Enerji strategiyasında yeni addım

308

İraq Türkiyənin Aralıq dənizi sahilində yerləşən strateji Ceyhan terminalı vasitəsilə neft ixracının həcmini sutkada 1,5 milyon barelə çatdırmaq niyyətindədir.

Denizxeber.az bildirir ki, bu barədə İraqın neft naziri Basim Məhəmməd Xudeyr bəyan edib.

Nazir bildirib ki, hazırda iki ölkə arasında qüvvədə olan müqavilə sutkada 750 min barelə qədər neft tranzitini nəzərdə tutur. Lakin tərəflər ilin sonunadək dəniz terminalına ötürülən xam neftin həcmini iki dəfə artırmağa şərait yaradacaq yeni strateji saziş hazırlayırlar.

Basim Məhəmməd Xudeyrin sözlərinə görə, Bağdad və Ankaranın enerji sahəsindəki tərəfdaşlığı yalnız Ceyhan limanı üzərindən dəniz tranziti ilə məhdudlaşmır. İki dövlət İraqın neft yataqlarının işlənilməsi, hasilat, emal və qarşılıqlı investisiya layihələrində Türkiyə şirkətləri ilə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi üzrə intensiv danışıqları davam etdirir.