PUA hücumu nəticəsində konteyner gəmisi batıb

107

Avqustun 1-nə keçən gecə Qara dənizdə Ukraynaya məxsus hərbi-dəniz PUA-larının hücumu nəticəsində “Rosatom” qrupunun tərkibinə daxil olan “Fesco” şirkətinə məxsus “Yanina” konteyner gəmisi batıb.

Denizxeber.az bildirir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev rəsmi açıqlama verib.

Lixaçevin sözlərinə görə, insident Qara dənizin beynəlxalq sularında, Novorossiysk limanından təxminən 130 mil məsafədə qeydə alınıb. Hücuma məruz qalan konteyner gəmisinin 17 nəfərdən ibarət heyət üzvünün hamısını dənizdən xilas etmək mümkün olub.

“Bu gəmi beynəlxalq sularda üzən və dondurulmuş qida məhsullarından tutmuş tikinti materiallarınadək dinc mülki yüklər daşıyan adi bir konteyner gəmisi idi. Beynəlxalq dəniz marşrutunda mülki yük gəmisinə edilən bu cür hücum dəniz quldurluğu və dənizdə soyğunçuluq aktından başqa bir şey deyil”, – deyə “Rosatom” rəhbəri vurğulayıb.

Qara dəniz hövzəsində kəskinləşən dəniz qarşıdurması fonunda mülki konteyner gəmisinin batırılması regionda ticari gəmiçilik və dəniz yükdaşımalarının təhlükəsizliyi ilə bağlı riskləri daha da artırıb.