Antarktidanın qalın buz qatının altında yerləşən dəniz ekosistemləri elm dünyası üçün sirr olaraq qalmaqda davam edir. Tədqiqatçılar Ross buz şelfinin altında aparılan missiya zamanı gözlənilməz mürəkkəb canlı növü aşkar ediblər.
Denizxeber.az bildirir ki, kəşf ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Ross buz şelfində 183 metr dərinliyində qazdığı sınaq quyusu vasitəsilə mümkün olub.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) tərəfindən hazırlanmış xüsusi dərinlik kamerası ilk dəfə olaraq zifiri qaranlıq və dondurucu dəniz mühitini müşahidə edib. Yalnız mikroorqanizmlərin olacağı ehtimal edilən ərazidə kamera Lysianassidae fəsiləsinə aid kiçik xərçəngkimini – amfipodu qeydə alıb. Açıq okeandan təxminən 32 kilometr uzaqlıqda, günəş işığının heç düşmədiyi mühitdə belə bir ali dəniz canlısının üzməsi alimlər üçün sensasiya hesab olunur.
Buzlaqşünas Robert Bindşadler bildirib ki, maraqlı davranış nümayiş etdirən canlı kameranın kabeli ətrafında fırlanaraq aparatı müxtəlif bucaqlardan araşdırıb. Həmçinin sualtı cihaz dənizdən çıxarılarkən kabelə yapışmış meduza qalıqları da tapılıb ki, bu da buzaltı dəniz ekosistemində mürəkkəb qida zəncirinin mövcudluğuna işarə edir.
2022-ci ildə aparılan digər dəniz tədqiqatları zamanı 500 metr dərinlikdəki buzaltı çayda da amfipod sürüləri aşkarlanıb. Alimlər hazırda bu canlıların günəşsiz mühitdə – dərin okean axınlarının gətirdiyi üzvi maddələr və ya mikrobioloji proseslər hesabına necə sağ qaldığını araşdırırlar.





