Mingəçevirdə “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

294

Avqustun 8-də Mingəçevir şəhərində, Kür çayının sahilində “Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək.

Denizxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Son illərdə Azərbaycanda açıq suda üzgüçülük üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilən “Kürü keçək?!” yarışının keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, su idmanı növlərinə marağın artırılması və bu sahənin inkişafına dəstək verməkdir.

Mingəçevirdə artıq beşinci dəfə təşkil olunacaq yarışa bu il maraq rekord həddə çatıb. Belə ki, 2026-cı il üzrə yarışda iştirak üçün 616 nəfər qeydiyyatdan keçib.İştirakçılar arasında ən gənc üzgüçünün 12, ən yaşlı iştirakçının isə 79 yaşı var.

Bu il yarış ilk dəfə olaraq iki məsafə üzrə keçiriləcək. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.

Yarış kişi və qadın iştirakçılar arasında aşağıdakı altı yaş kateqoriyası üzrə təşkil olunacaq:- 12–17 yaş;- 18–23 yaş;- 24–35 yaş;- 36–55 yaş;- 56–70 yaş;- 71 yaş və yuxarı.

Qeyd edək ki, hər yaş kateqoriyası üzrə kişilər və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaqlar.