Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabel xəttinin çəkilişi başa çatıb – FOTO

217

Azərbaycanın təşəbbüsü ilə Avropa və Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabel xəttinin çəkilişi uğurla başa çatıb.

Denizxeber.az bildirir ki, Trans-Xəzər fiber-optik kabel xətti layihəsi “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən həyata keçirilir.Layihə çərçivəsində Azərbaycan tərəfdən Sumqayıt şəhərindən Qazaxıstanın Aktau şəhəri istiqamətində 380 kilometr uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.Zirehli fiber-optik kabel xüsusi avadanlıqla təchiz edilmiş gəmi vasitəsilə Xəzər dənizinin dibi ilə təhlükəsiz və dayanıqlı marşrut üzrə yerləşdirilib.

“AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov layihənin strateji əhəmiyyətini vurğulayıb.Onun sözlərinə görə, Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Azərbaycan üzərindən yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin əsas komponentlərindən biridir.

Emil Məsimov qeyd edib ki, layihənin texniki baxımdan mürəkkəb olmasının əsas səbəblərindən biri Xəzər dənizinin dibi ilə bu tip infrastrukturun ilk dəfə yaradılmasıdır.Hazırda kabel xəttinin sahilyanı infrastrukturla inteqrasiyası və yerüstü infrastrukturun tikintisi istiqamətində işlər davam etdirilir.

Trans-Xəzər fiber-optik kabel xəttinin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.400 terabit/s-dən çox internet bağlantısıLayihənin tam istifadəyə verilməsi ilə Xəzər dənizində ilk sualtı rəqəmsal marşrutun yaradılması və regionda 400 terabit/s-dən çox yüksək sürətli internet bağlantısının təmin edilməsi nəzərdə tutulur.

Yeni infrastruktur böyük həcmdə məlumat mübadiləsinə imkan yaradacaq, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına və ölkələr arasında məlumat mübadiləsinin sürətlənməsinə töhfə verəcək.

Trans-Xəzər fiber-optik kabel xətti Rəqəmsal İpək Yolu layihəsinin mühüm hissəsidir.Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması nəzərdə tutulur.

Rəqəmsal İpək Yolu məlumatların yüksək zolaq genişliyi və minimal gecikmə ilə ötürülməsini təmin edən optimal və qısa marşrutlardan biri olacaq. Layihənin region ölkələri arasında rəqəmsal əlaqələrin gücləndirilməsinə, regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcəyi gözlənilir.

Şirkətlər haqqında“AzerTelecom” regionun aparıcı beynəlxalq magistral operatorlarından biridir. Şirkət internet trafikinin topdansatışı, tranziti, transmissiyası və digər xidmətləri təqdim edir. “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkəti və milli telekommunikasiya operatorudur. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri göstərir.