İran və Oman Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumunu müzakirə edir

74

İran və Oman ticarət gəmilərinin Hörmüz boğazından tranziti üçün gəmidə daşınan yükün bəyan edilmiş dəyərinin 3–7 faizi həcmində tranzit rüsumunun tətbiqi imkanını nəzərdən keçirirlər.

Denizxeber.az “Reuters”ə istinadən xəbər verir ki, məsələ İran və Oman nümayəndə heyətləri arasında Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı aparılan danışıqlar zamanı müzakirə olunub.

Məlumata görə, İran tərəfi tranzit rüsumunun 5–7 faiz səviyyəsində müəyyən edilməsində israr edir. Oman isə daha aşağı – 3 faiz dərəcəsinin tətbiqini təklif edir.Bununla yanaşı, ABŞ Hörmüz boğazından keçidə görə İranın xeyrinə hər hansı xidmət haqqının tətbiq edilməsinə qəti şəkildə qarşı çıxır.

Fars körfəzi ölkələri isə hesab edirlər ki, belə ödənişlərin tətbiqi ilə bağlı razılıq əldə olunacağı təqdirdə, gəmi sahiblərinin ödəyəcəyi məbləğlər yalnız könüllü xarakter daşımalıdır.Hörmüz boğazı dünya enerji və dəniz ticarəti üçün strateji əhəmiyyətə malik əsas marşrutlardan biridir. Boğazdan keçid üçün mümkün əlavə rüsumların tətbiqi gəmiçilik şirkətlərinin xərclərinə və region üzrə yükdaşıma tariflərinə təsir göstərə bilər.