Braziliyada okeanın və sahil zolağının çirklənmədən mühafizəsi məqsədilə insan saçından hazırlanan ekoloji filtrlərdən tətbiq olunmağa başlanılıb.
Denizxeber.az bildirir ki, ekoloqlar könüllü şəkildə təhvil verilən saçlardan sahilləri neft sızıntılarından və karbohidrogen tullantılarından qoruyan üzən baryerlər (bonlar) hazırlayırlar.
İnnovativ texnologiyanın ilkin sınaqları uzun müddətdir gəmiçilik və sənaye tullantılarının təsirinə məruz qalan Rio-de-Janeyrodakı Quanabara körfəzində aparılıb.
Kimya mütəxəssisi Karolin Karvalyonun sözlərinə görə, insan saçından hazırlanan bu baryerlər dəniz suyunda 4 aya dək öz effektivliyini qoruyur. Onlar gəmilərdən sızan yağları, neft məhsullarını və zərərli kimyəvi maddələri sürətlə adsorbsiya edərək özünə çəkir.
Layihəyə dəstək olaraq onlarla gözəllik salonu və bərbərxana kəsilmiş saçları tullantı kimi atmaq əvəzinə ekoloji filtrlərin istehsalı üçün təhvil verir. Tədqiqatçılar qeyd edirlər ki, eyni filtrasiya mexanizmini təmin etmək üçün heyvan yundan da istifadə olunması mümkündür. İnsan saçından neft sızıntılarına karşı istifadə metodu ABŞ və Çili kimi ölkələrdə artıq uğurla sınaqdan çıxarılıb və tətbiq edilir.





