Azərbaycan poeziyasının görkəmli nümayəndəsi

114

Avqustun 12-si Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Qabilin (Qabil Allahverdi oğlu İmamverdiyev) anadan olmasının 100 illik yubileyidir.

Denizxeber.az bildirir ki, 1926-cı ildə Bakı şəhərində dünyaya göz açan şair ədəbi irsi, xalq ruhuna yaxın poetik dili və ictimai fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatında silinməz iz qoyub.

Şairin ilk şeiri (“Gəl baharım”) 1944-cü ildə “Ədəbiyyat” qəzetində, ilk kitabı (“Səhər açılır”) isə 1950-ci ildə işıq üzü görüb.

Qabilə əbədi şöhrət qazandıran əsərlər sırasında “Nəsimi” fəlsəfi-psixoloji poeması, eləcə də “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər” kimi unudulmaz şeirləri yer alır.

Şairin 1969-cu ildə qələmə aldığı bu məşhur misralar bu gün də aktuallığını qoruyur:Duman dağı dolanar, Qiyamət olar. Duman yola sallanar, Müsibət olar. Müsibət oluruq biz, Səhv düşəndə yerimiz.

Müstəqilliyin ilk illərində şair xalqın taleyini əks etdirən “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Xəcalət” kimi cürətli lirik nümunələr yaradıb.

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olmuş Qabil ölkənin ali dövlət təltiflərinə — “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Xalq arasında geniş yayılan duzlu-məzəli əhvalatları Xalq yazıçısı İsmayıl Şıxlı tərəfindən “Dostum Qabilin qəribə əhvalatları”, şairin oğlu Mahir Qabiloğlu tərəfindən isə “Atam Qabilin qəribə əhvalatları” kitablarında toplanaraq nəşr olunub.

Xalq şairi Qabil 2007-ci il aprelin 4-də Bakıda vəfat edib.