Azərbaycanda gənclər siyasəti ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir

84

Hər il avqustun 12-də dünya ictimaiyyəti Beynəlxalq Gənclər Gününü qeyd edir.

Denizxeber.az bildirir ki, bu əlamətdar günün təsis olunması qərarı 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Günün əsas məqsədi gənclərin cəmiyyətdəki rolunu artırmaq, qarşılaşdıqları qlobal problemlərin həllinə diqqət çəkmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

2026-cı ildə Beynəlxalq Gənclər Günü “Fərqli reallıqlar, ortaq arzular” devizi altında keçirilir.

Təhsilə məhdud çıxış, layiqincə iş imkanlarının azlığı, rəqəmsal bərabərsizlik, iqlim dəyişmələri və psixi rifah narahatlıqları sərhəd tanımadan milyonlarla gəncə təsir edir.

Bu problemlər dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə və kiçik ada dövlətlərində infrastruktur və maliyyə məhdudiyyətləri səbəbindən daha kəskin xarakter daşıyır.

Məhdudiyyətlərə baxmayaraq, gənclər rəqəmsal texnologiyalar, icma təşəbbüsləri, ekoloji uyğunlaşma və sosial innovasiyalar vasitəsilə yeni yaradıcı həllər irəli sürürlər.

Qlobal gənclər hərəkatının prinsipləri Azərbaycanın dövlət siyasətində də öz əksini tapıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti MDB və Şərqi Avropa məkanında unikal təcrübə hesab olunur.

1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramları icra olunub, minlərlə gənc dünyanın nüfuzlu universitetlərində oxuyub. Ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Yüksəliş” müsabiqəsi və genişlənən könüllülük hərəkatı gənclərin idarəçilik bacarıqlarını inkişaf etdirib.

2020-ci il Vətən müharibəsində gənc hərbçilərin ön cəbhədəki rəşadəti və arxa cəbhədəki informasiya mübarizəsi ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb.

Prezident İlham Əliyevin “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikri dövlətin gənclərə olan strateji etimadının ana xəttini təşkil edir.