ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və Oman körfəzi akvatoriyasında İrana tətbiq edilən dəniz blokadasını pozmağa cəhd göstərən yük gəmisinə qarşı hərbi əməliyyat keçirildiyini bəyan edib.
Denizxeber.az bildirir ki, Panama bayrağı altında üzən “M/V Vela Nova” yük gəmisi Oman körfəzindən keçərək İrana doğru hərəkət edərkən ABŞ Hərbi Dəniz Qüvvələrinin radiotəmas və xəbərdarlıqlarına məhəl qoymayıb. Gəminin mülki heyətinin xəbərdarlıqları cavabsız qoymasından sonra ABŞ HDQ-yə məxsus “MH-60” helikopteri gəminin mühərrik otağı istiqamətinə iki “Hellfire” idarəolunan raketi buraxıb. Zərbə nəticəsində gəminin sükan mexanizmi və güc qurğusu sıradan çıxarılıb.
Zərbədən sonra “M/V Vela Nova” gəmisinin İrana doğru hərəkətinin qarşısı tam alınıb. CENTCOM bölgədə tətbiq edilən dəniz blokadasının qüvvədə qaldığını bəyan edib.
Mərkəzi Komandanlığın avqustun 11-nə olan rəsmi hesababatına əsasən, hərbi dəniz qüvvələri tərəfindən dəniz məhdudiyyətlərini pozmağa çalışan 55 kommersiya gəmisinin marşrutu məcburi dəyişdirilib, 2 gəmi ələ keçirilərək saxlanılıb, 3 gəmi isə zərbələrlə sıradan çıxarılıb.





