Qara dəniz akvatoriyasında mülki gəmilərə qarşı dron hücumlarının və təhlükəsizlik risklərinin artması Türkiyənin gəmiçilik və ixracat sektorunda ciddi çətinliklər yaradıb. Yaranmış vəziyyət türk ixracatçılarını Azərbaycan da daxil olmaqla alternativ quru və dəniz təchizat dəhlizlərinə üz tutmağa məcbur edir.
Denizxeber.az-ın “Milliyet” qəzetinə istinadla verdiyi məlumata görə, mülki gəmiçiliyə yönələn təhdidlər dəniz daşımalarının xərclərini kəskin şəkildə yüksəldib. Türkiyə limanları ilə Rusiyanın Novorossiysk limanı arasında yük daşıyan gəmiçilik şirkətləri “müharibə riski ilə bağlı əlavə haqq” (WRS – War Risk Surcharge) tətbiq etməyə başlayıblar.
Qara dənizdə əlavə gəmiçilik xərcləri iyirmi futluq ekvivalent vahid (TEU) üçün 1000 dollara qədər yüksəlib ki, bu da adi tariflərdən 2-3 dəfə baha deməkdir. Yaranan bahaçılıq və təhlükəsizlik riskləri səbəbindən logistika şirkətləri yükləri Gürcüstan, Azərbaycan və İran üzərindən keçən multimodal quru marşrutlarına yönəldirlər.
Bəzi yükdaşıyanlar dəniz yolunu Cənub-Şərqi Asiya ölkələrinə doğru dəyişdiyi halda, bir sıra şirkətlər yüksək xərclər ucbatından ixrac əməliyyatlarını müvəqqəti olaraq tamamilə dayandırıblar. Qeyd olunur ki, son həftələrdə Qara dəniz sularında Türkiyəyə məxsus müxtəlif mülki yük gəmilərinə hədəfli dron hücumları qeydə alınıb.





