Ekoloji təhlükəsizliyə mühüm sərmayə

133

Qazaxıstan hökuməti Xəzər dənizinin ekoloji monitorinqinin aparılması və ixtisaslaşdırılmış laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsi məqsədilə dövlət ehtiyatından təxminən 2,36 milyon dollar vəsait ayırıb.

Denizxeber.az bildirir ki, ayrılan maliyyə vəsaiti Qazaxıstanın Xəzər dənizi üzrə Elmi-Tədqiqat İnstitutuna yönəldilib. Avadanlıqlar bilavasitə dəniz akvatoriyasında elmi tədqiqatların keçirilməsi, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların fəaliyyətinin gücləndirilməsi üçün istifadə olunacaq. Tədqiqat proqramı çərçivəsində 21 stansiyanı əhatə edən 2 dəniz ekspedisiyasının təşkili və 22 sahilyanı nöqtədə müntəzəm ekoloji monitorinqlərin aparılması nəzərdə tutulur.

Qazaxıstan digər Xəzəryanı dövlətlərlə birlikdə dənizdəki səviyyə tərəddüdlərinə uyğunlaşma və ekosistemin qorunması üzrə Fəaliyyət Planını müzakirə edir. Hazırlanan sənəd region ölkələri arasında birgə ekoloji tədbirlərin görülməsini, elmi məlumat mübadiləsini və tədqiqat işlərinin vahid mərkəzdən koordinasiya olunmasını əks etdirir.