Ekoloji təşəbbüsdə yeni yanaşma – FOTO

83

Beynəlxalq Xəzər Günü münasibətilə avqustun 12-də “Sea Breeze” kurort şəhərciyində uşaqların ekoloji maarifləndirilməsinə və ictimaiyyətin dəniz mühitinin müşahidəsinə cəlb edilməsinə yönəlmiş “Caspian Senses Observatory” ekoloji-inklüziv proqramı təşkil olunub.

Denizxeber.az bildirir ki, “Sea Breeze” və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan bu pilot layihə “vətəndaş elmi” (citizen science) prinsiplərini inklüziv yanaşma ilə birləşdirən ilk ictimai ekoloji monitorinq təşəbbüsüdür.

Fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar interaktiv stansiyalarda görmə, eşitmə, toxunma və qoxu duyğuları vasitəsilə dəniz mühitini öyrənib, su və təbii material nümunələri götürərək sadə ekoloji ölçmələr aparıblar.

Tədbirin açılışında “EkoSfera” Mərkəzinin rəhbəri Firuzə Sultanzadə və fəxri qonaq — BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə regional koordinatoru, Tehran Konvensiyası Katibliyinin rəhbəri Mahir Əliyev çıxış edərək gənc nəslin ekoloji monitorinqə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Proqram çərçivəsində Xəzərin biomüxtəlifliyinə və sahil təmizliyinə həsr olunmuş interaktiv teatr tamaşası təqdim olunub, uşaqlar baş verənlərə aktiv şəkildə qatılıblar.

Təşkilatçıların bildirdiyinə görə, bu pilot layihə gələcəkdə müxtəlif qavrama imkanlarına malik insanların topladığı müşahidələri vahid ekoloji məlumat bazasında birləşdirəcək daimi monitorinq sisteminin təməlini qoyur.