Diplomatik və dəniz tənzimləməsi

102

İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçən razılaşdırılmış gəmiçilik marşrutlarını açıqlayacaq.

Denizxeber.az bildirir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, İran və Oman arasında yeni beynəlxalq keçid dəhlizinin yaradılması ilə bağlı razılıq əldə olunub. Rzayi həmçinin Hörmüz boğazının kənarında məhdud giriş rejiminin tətbiq ediləcəyi yeni zonanın yaradılacağını açıqlayıb.

İran rəsmisi bildirib ki, Tehranla razılaşdırılmadan həmin əraziyə daxil olan gəmilər sanksiyalarla üzləşə bilər.

Rzayinin sözlərinə görə, hazırda Hörmüz boğazı İran Silahlı Qüvvələrinin nəzarətindədir. O vurğulayıb ki, ABŞ “təhdid və təcavüz siyasətinə” son qoymayana qədər Tehran boğazın açılması ilə bağlı hər hansı öhdəlik götürməyəcək.

İran rəsmisi ölkədə əsas ərzaq və digər məhsulların çatışmazlığı ilə bağlı yayılan məlumatları da təkzib edib. O, ölkənin neft satışının davam etdiyini bildirib.

Hörmüz boğazı qlobal enerji daşımalarının əsas dəniz marşrutlarından biri olduğundan, burada gəmiçilik rejiminə dair istənilən dəyişiklik beynəlxalq ticarət və enerji bazarları baxımından əhəmiyyət daşıyır.