Diplomatik təşəbbüs

66

Omanda İraqın, İranın və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Hörmüz boğazında yaranmış vəziyyətə həsr olunan çoxtərəfli görüş keçiriləcək.

Denizxeber.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.

Bildirilib ki, görüş zamanı İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi ilə bağlı aparılan danışıqların nəticələri müzakirə olunacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə ölkəsinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunu bildirib.

Onun sözlərinə görə, İran region ölkələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bəqayi həmçinin İran və Oman arasında Hörmüz boğazında müvəqqəti gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı anlaşmanın əldə olunduğunu açıqlayıb.

İran rəsmisi ABŞ-nin bölgədəki fəaliyyətlərini də tənqid edib. O bildirib ki, Vaşinqton tərəfindən hərbi və iqtisadi təzyiqlər davam etdiyi müddətdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji və dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas su yollarından biridir.