İndoneziyada Yava dənizində qəzaya uğrayan sərnişin gəmisində itkin düşən 130 nəfərin axtarışı ikinci gündür davam edir.
Denizxeber.az bildirir ki, bu barədə yerli xilasetmə xidməti məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatına 622 nəfər və təxminən 12 gəmi cəlb olunub.
Sentyabrın 14-ü səhər saatlarına olan məlumata əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, 107 sərnişin və ekipaj üzvü isə xilas edilib.
Bildirilir ki, göyərtəsində ümumilikdə 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi həftəsonu Yava dənizində güclü fırtına zamanı qəzaya uğrayaraq itkin düşüb.
Hazırda xilasetmə qrupları itkin düşən şəxslərin tapılması istiqamətində əməliyyatı davam etdirir.
Hadisənin dəqiq səbəbləri araşdırılır.





