Təklifə düzəliş edilib

65

Səudiyyə Ərəbistanı İran və Oman arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı əldə olunması nəzərdə tutulan razılaşmaya dair təklifə bir sıra düzəlişlər edib.

Denizxeber.az bildirir ki, “Axios” jurnalisti Barak Ravidin məlumatına görə, Ər-Riyad təklifdəki bəzi müddəaların Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr üçün qəbuledilməz status-kvo yarada biləcəyindən narahatlığını ifadə edib.

Bu arada Oman xarici işlər naziri Bədr əl-Busaidi İran və Oman arasında Hörmüz boğazında gəmiçilik məsələləri üzrə razılaşmaların müzakirə ediləcəyi regional görüşün təxirə salındığını açıqlayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, Tehranla Maskat arasında əldə olunan razılaşma Hörmüz boğazının tam şəkildə açılması anlamına gəlmir.

Onun sözlərinə görə, İran boğazın yalnız ABŞ ilə münaqişə başa çatdıqdan sonra tam açılacağını bəyan edib.

Beləliklə, Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar davam etsə də, boğazın tam açılması məsələsində tərəflər arasında hələ yekun razılığın olmadığı görünür.