Alternativ marşrutlar yaradılmasına çağırış

50

Oman Hörmüz boğazından istifadə etmədən mayeləşdirilmiş təbii qazın (LNG) ixracı üçün alternativ marşrutların yaradılmasını təklif edib.

Denizxeber.az xarici mediaya istinadən xəbər verir ki, Omanın energetika və minerallar naziri Səlim əl-Aufi Körfəzdə aylardır davam edən münaqişənin enerji təchizatına təsiri fonunda LNG daşımaları üçün alternativ dəniz və ixrac marşrutlarının hazırlanmasının vacibliyini vurğulayıb.

“Gəlin alternativ ixrac variantlarını müəyyən edək. Bu, şimaldan Oman və ya Yəməndən keçə bilər. Marşrutları şaxələndirək”, – deyə nazir bildirib.

Bununla yanaşı, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) Hörmüz boğazından kənarda yeni LNG ixrac müəssisəsinin tikintisini nəzərdən keçirdiyi bildirilir.

Omanın isə artıq ölkənin şərqində Hörmüz boğazından asılı olmayan LNG ixrac terminalı fəaliyyət göstərir.

Ekspertlərin fikrincə, regionda davam edən münaqişə Körfəz ölkələrinin enerji ixracının böyük hissəsinin vahid strateji dəniz marşrutundan asılılığını daha qabarıq şəkildə ortaya çıxarıb. Bu vəziyyət ölkələri ixrac marşrutlarını şaxələndirməyə və mümkün nəqliyyat məhdudiyyətlərinin iqtisadi təsirlərini azaltmaq üçün alternativ həllər axtarmağa vadar edir.

Qeyd edək ki, Yaxın Şərqdəki münaqişədən əvvəl qlobal LNG tədarükünün təxminən beşdə biri strateji əhəmiyyətli tranzit marşrutu olan Hörmüz boğazından keçirdi.