Bilik Günü və yeni tədris ili – FOTO

148

15 sentyabr 2026-cı il – Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 15 sentyabr – Bilik Günü və 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə Akademiyanın rəhbərliyi, профессор-müəllim heyəti, yüksək balla qəbul olunmuş tələbələr, valideynlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Denizxeber.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Mərasimdə çıxış edən ADDA-nın Tədrisin təşkili və idarəedilməsi üzrə prorektoru, dosent İradə Süleymanova professor-müəllim heyətini və akademik mühitə yeni qədəm qoyan tələbələri yeni tədris ili münasibətilə təbrik edib. Prorektor öz nitqində Akademiyanın yeni tədris ili üzrə strateji hədəflərini və prioritet istiqamətlərini diqqətə çatdıraraq, tələbələrə gələcək peşəkar fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tədris prosesinin təşkili şöbəsinin müdiri, dosent Əsədullah Süleymanov ali təhsil müəssisəsinin zəngin tarixi ənənələri və milli dənizçilik kadrlarının hazırlanmasında oynadığı müstəsna rol barədə ətraflı məlumat verib. O, tələbələrə dənizçilik peşəsinin strateji əhəmiyyətini və yüksək məsuliyyətini xatırladaraq, bu ənənələri layiqincə davam etdirməyi tövsiyə edib.

Fakültə dekanları çıxışlarında dənizçilik və mühəndislik təhsilinin müasir dövrdəki əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, rəqabətədavamlı kadr hazırlığında nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar, intizam və peşə məsuliyyəti həlledici amillərdəndir. Dekanlar yeni qəbul olan tələbələrin akademik mühitə adaptasiyası üçün lazımi tövsiyələr verərək, onları tədris prosesində fəal olmağa çağırıblar.

Birinci kurs tələbələri adından “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının ingilis bölməsinə 612 bal toplayaraq qəbul olunmuş Mirzəhüseyn Nəsirov çıxış edib. O, yüksək akademik göstəricilərlə Akademiyanın tələbəsi adını qazanmasından qürur duyduğunu bildirib, gələcək peşəkar hədəfləri və gözləntiləri barədə təəssüratlarını bölüşüb.

Valideynlər adından söz alan Əlvan Əsgərov ADDA-nın təhsil keyfiyyətinə və pedaqoji heyətinə olan yüksək etimadı ifadə edərək, tələbələrə yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

Tədbir Akademiyanın rəsmi Himninin səsləndirilməsi və rəhbərlik, müəllim heyəti, tələbələr və valideynlərin iştirakı ilə xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.