Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda noyabrın 23-dən 25-dək IV “Beynəlxalq Dənizçilik Forumu” keçiriləcək.
Denizxeber.az bildirir ki, “əş-Şarq əl-Avsət” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Hərbi-Dəniz Qüvvələrinin təşkilatçılığı ilə keçiriləcək tədbir Müdafiə naziri, şahzadə Xalid bin Salman bin Əbdüləzizin himayəsi ilə baş tutacaq.
“Dəyişən qlobal mühit şəraitində dəniz dibinin və təchizat zəncirlərinin təhlükəsizliyinin gələcəyi” mövzusuna həsr olunacaq forumda hərbi-dəniz qüvvələrinin komandanları, qərar qəbul edən şəxslər, ekspertlər, həmçinin sənaye və texnologiya sektorlarının nümayəndələri iştirak edəcəklər.
Məlumata görə, 40-dan çox ölkədən beynəlxalq qurum forumda iştirakını təsdiqləyib.
Forum dənizlərdə təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi, dənizin dərinliklərində yerləşən kritik infrastruktur obyektlərinə, xüsusilə sualtı rabitə kabellərinə və enerji boru kəmərlərinə qarşı təhdidlərin artdığı bir dövrdə keçirilir. Bu infrastruktur obyektləri qlobal rəqəmsal iqtisadiyyatın və beynəlxalq ticarət axınlarının fasiləsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində qlobal strateji mühitdə baş verən dəyişikliklərin dəniz təchizat zəncirlərinin təhlükəsizliyinə təsiri, enerji təchizatı zəncirlərinə qarşı təhdidlər, dəniz dibinin təhlükəsizliyi və sualtı infrastrukturun mühafizəsi kimi məsələlər müzakirə olunacaq.
Bununla yanaşı, dəniz nəqliyyatı sektorunda təhlükəsizlik çağırışları, dəniz sistemlərinin mühafizəsini və əməliyyat səmərəliliyini artırmağa imkan verən texnologiyalar, eləcə də süni intellektin dəniz təhlükəsizliyində tətbiqi nəzərdən keçiriləcək.
Forumun əsas məqsədlərindən biri dəyişən qlobal təhlükəsizlik mühiti fonunda dəniz və sualtı infrastrukturun qorunması, təchizat zəncirlərinin dayanıqlığının artırılması və müasir texnologiyalardan daha səmərəli istifadə imkanlarının müzakirəsidir.





