İndoneziyada üç gündür axtarılan və göyərtəsində 129 nəfərin olduğu “Virgo Transport 8” bərəsinin qalıqları Yava dənizində suyun 30 metr dərinliyində aşkar edilib.
Denizxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidmətinin rəhbəri məlumat verib.
Onun sözlərinə görə, hazırda İndoneziya Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq çərçivəsində gəmi qalıqlarının daha dayaz sulara köçürülməsinin mümkünlüyü araşdırılır.
Bununla yanaşı, xilasetmə xidmətinin rəhbəri bildirib ki, itkin düşən şəxslərin axtarışı dayaz sularda da davam etdiriləcək.
“Biz hələ də onların yaxın vaxtlarda sağ-salamat tapılacağına ümid edirik”, – deyə o bildirib.
Son məlumatlara əsasən, qəza nəticəsində 6 nəfər həyatını itirib, 108 sərnişin və ekipaj üzvü xilas edilib. Hazırda 129 nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, göyərtəsində ümumilikdə 243 nəfərin olduğu “Virgo Transport 8” gəmisi ötən həftəsonu güclü fırtına zamanı qəza törədib və onunla əlaqə kəsilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.





