Xəzəryanı beş dövlət

97

Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistan Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər.

Denizxeber.az-ın Rusiya Balıqçılıq Agentliyinə (Rosrıbolovstvo) istinadən verdiyi məlumata görə, təşəbbüs Sankt-Peterburqda keçirilən Beynəlxalq Balıq Sənayesi Forumunda irəli sürülüb.

Qurum rəhbərinin müavini Vasili Sokolov bildirib ki, forum çərçivəsində keçirilən sessiyada Xəzər dənizinin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli komissiya çərçivəsində ortaq məlumat bazasının yaradılması təklif edilib.

Təşəbbüsün əsas məqsədi Xəzəryanı ölkələr arasında məlumat mübadiləsini gücləndirmək, dənizin ekoloji vəziyyəti və bioloji ehtiyatları barədə daha dolğun informasiya toplamaqdır. Dənizdə bioloji sərhədlərin olmaması səbəbindən ehtiyatların qorunması və idarə olunması üzrə birgə fəaliyyət xüsusi əhəmiyyət daşıyır.

Bundan əvvəl Xəzəryanı dövlətlərin dənizin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydaları hazırlamaq niyyətində olduqları da bildirilib. Bu, su bioresurslarından səmərəli istifadəni və balıqçılıq ehtiyatlarının mühafizəsini gücləndirməyə xidmət edə bilər.

Qeyd edək ki, Xəzər dənizinin su bioresurslarının qorunması, səmərəli istifadəsi və birgə ehtiyatların idarə olunması üzrə komissiya 2014-cü ilin sentyabrında Həştərxanda imzalanmış saziş əsasında yaradılıb. Saziş 2016-cı ildə iştirakçı ölkələrdə ratifikasiya olunaraq qüvvəyə minib. Komissiyanın ilk sessiyası 2017-ci ilin noyabrında Bakıda keçirilib.

Xəzərin ən qiymətli bioloji sərvətlərindən sayılan nərə balıqlarının ovlanmasına hazırda tam qadağa tətbiq olunur.