Köpəkbalığının öldürülməsi qərarı

60

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümcül hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq.

Denizxeber.az bildirir ki, bu barədə BBC məlumat yayıb.

Qərbi Avstraliya ştatının səlahiyyətliləri hücumdan sonra köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar qəbul ediblər.

Hadisənin qurbanı 63 yaşlı Qreq O’Nil olub. Hücum sentyabrın 18-də Pertdən şimalda yerləşən məşhur Sorrento çimərliyinin yaxınlığında baş verib. Kişinin meyiti hələ də tapılmayıb.

Şahidlərin sözlərinə görə, O’Nil başqa bir kişi ilə birlikdə üzərkən hücuma məruz qalıb. Digər şəxs həmin vaxt sudan çıxmağa müvəffəq olub. Köpəkbalığının axtarışları davam edir.

Bu, Qərbi Avstraliyada bir həftə ərzində qeydə alınan ikinci köpəkbalığı hücumudur. İlin əvvəlindən bəri ştatda ölümlə nəticələnən üçüncü belə hadisə baş verib.

Köpəkbalığının tutulması və öldürülməsi barədə qərar Qərbi Avstraliyada müstəsna tədbir hesab olunur. Ştatın balıqçılıq naziri Ceki Carvis bildirib ki, onun bildiyinə görə, belə qərar təxminən 10 il ərzində ilk dəfə qəbul edilir.

Eyni zamanda, səlahiyyətlilər böyük ağ köpəkbalıqlarının mühafizə altında olduğunu vurğulayaraq, onların kütləvi şəkildə məhv edilməsi ehtimalını istisna ediblər.