Neft daşınması üzrə fraxt qiymətlərinin kəskin artması uzaq məsafələrə həyata keçirilən bəzi tədarükləri iqtisadi baxımdan əlverişsiz edib. Buna səbəb əlçatan supertankerlərin çatışmazlığıdır.
Denizxeber.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, bəzi marşrutlarda fraxt qiymətləri üç dəfə artıb. Dünyanın ən böyük neft idxalçısı olan Asiyaya Hyustondan neftin çatdırılması hazırda bir barel üçün təxminən 26 dollara, yaxud bir partiya üçün 52 milyon dollara başa gəlir.
Bu məbləğ WTI markalı neft üzrə fyuçerslərin dəyərinin təxminən dörddə birinə bərabərdir. İranda müharibə başlamazdan əvvəl isə daşınma xərcləri yükün ümumi dəyərinin cüzi hissəsini təşkil edirdi.
Brokerlərin və bazar iştirakçılarının sözlərinə görə, onlar əvvəllər belə supertanker qıtlığı ilə üzləşməyiblər. Bəzi regionlarda boş gəmilərin sayı demək olar ki, sıfıra enib.
Yaxın məsafələrə daşımaya yüksək tələbat Avropa bazarında da özünü göstərir. Brent fyuçerslərinin qiymətinin bir barel üçün təxminən 110 dollara çatdığı dövrdə Avropada Dated Brent markalı fiziki neftin qiyməti 131 dolları ötüb.
Qıtlıq daha kiçik ölçülü tankerlərə də təsir edib. Asiya neft emalı zavodları ABŞ-dan bəzi tədarüklər üçün supertankerlərin əvəzinə təxminən 700 min barel tutumlu Aframax tipli tankerlərdən istifadə etməyə başlayıb.
Atlantik okeanı limanlarından neftin daşınması üçün isə bir VLCC əvəzinə, hər birinin tutumu təxminən 1 milyon barel olan iki Suezmax tankeri fraxt edilir. Suezmax tankerlərinin gündəlik gəlirliliyi orta hesabla 300 min dolları ötüb.





