Bəşəriyyətin ortaq dəyəri

43

Hər il sentyabrın 21-də beynəlxalq ictimaiyyət Beynəlxalq Sülh Gününü qeyd edir.

Denizxeber.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu günü milli və beynəlxalq səviyyədə bütün ölkələr və xalqlar arasında sülh ideallarının möhkəmləndirilməsi günü elan edib.

1981-ci ildə Baş Assambleya 36/67 saylı qətnamə ilə Sülh Gününü elan edib və onun sentyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunmasını müəyyənləşdirib. 2001-ci ildə isə Baş Assambleya yekdilliklə 55/282 saylı qətnaməni qəbul edərək 2002-ci ildən etibarən Beynəlxalq Sülh Gününün hər il sentyabrın 21-də ümumi atəşkəs və zorakılıqdan imtina günü kimi qeyd olunmasına qərar verib.

Dünya əhalisinin əksəriyyəti üçün sülh gündəlik həyatın ayrılmaz hissəsidir. Şəhərlərin küçələri sakitdir, uşaqlar məktəbə və uşaq bağçalarına gedirlər. Cəmiyyətin əsaslarının möhkəm olduğu yerlərdə sülhün əvəzsiz neməti bəzən xüsusi diqqət çəkməyə bilər. Lakin müasir dünyada çox sayda insan üçün bu nemət yalnız əlçatmaz arzu olaraq qalır. Onlar qeyri-sabitlik və qorxu mühitində yaşayırlar.

Əsl sülhə nail olmaq üçün yalnız hərbi əməliyyatların dayandırılması kifayət deyil. Bütün insanlar üçün bərabər imkanların yaradıldığı cəmiyyət qurmaq da vacibdir. Bu, irqi və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər münasibət göstərilən dünyanın formalaşdırılmasını nəzərdə tutur.

COVID-19 pandemiyası hər bir insana yardım göstərilməsinin, daha bərabərhüquqlu, ədalətli, inklüziv və dayanıqlı dünyanın qurulması istiqamətində kollektiv səylərin nə qədər vacib olduğunu nümayiş etdirdi. Pandemiya damğalanma, ayrı-seçkilik və nifrət hallarının artması ilə də müşayiət olundu. Bəşəriyyətin qarşılaşdığı ümumi təhlükələr fonunda insanlar bir-birinin düşməni olmadıqlarını unutmamalıdırlar.

Son illərdə baş verən müharibələr, terrorizm, iğtişaşlar, xalqları və ayrı-ayrı insanları bir-birindən ayıran dərin ziddiyyətlər, iqlim böhranı və viruslar Beynəlxalq Sülh Gününün aktuallığını bir daha göstərir.

1981-ci ildə BMT tərəfindən təsis edilən bu gün milyonlarla insanı, çoxsaylı ölkə və regionları əhatə edir. Müxtəlif ictimai və gənclər təşkilatlarının təşəbbüsü ilə bu münasibətlə aksiyalar və tədbirlər keçirilir. Beynəlxalq Sülh Günü insanları yalnız sülh haqqında düşünməyə deyil, həm də onun naminə konkret addımlar atmağa çağırır.

BMT bu gün bütün ölkələri və xalqları hərbi əməliyyatları dayandırmağa, sülh məsələləri ilə bağlı maarifləndirici və ictimai məlumatlandırma tədbirləri keçirməyə çağırır. Təşkilat, həmçinin bu gündən sülhün dəstəklənməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətə diqqəti cəlb etmək, ayrı-ayrı şəxsləri, qrupları və icmaları sülh problemləri barədə düşünməyə, bu sahədə məlumat və praktiki təcrübə mübadiləsi aparmağa təşviq etmək üçün istifadə edir.

BMT-nin Sülh Gününə həsr olunan tədbirləri hər il ənənəvi olaraq Nyu-Yorkdakı mənzil-qərargahında Sülh Zəngi qarşısında keçirilən mərasimlə başlayır. Əvvəlcə BMT-nin Baş katibi müraciətlə çıxış edir və zəngi çalır. Ardınca bir dəqiqəlik sükut elan olunur, daha sonra BMT Təhlükəsizlik Şurasının sədri müraciət edir.

Hər il Beynəlxalq Sülh Günü müəyyən mövzuya həsr olunur. 2026-cı ilin mövzusu “Sülhə sərmayə qoyun – hər kəs üçün, hər yerdə, hər gün” şüarıdır.