Hörmüz boğazında PUA vurulub

41

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ-yə məxsus “MQ-1” pilotsuz uçuş aparatını (PUA) Hörmüz boğazında vurduğunu açıqlayıb.

Denizxeber.az bildirir ki, bu barədə SEPAH məlumat yayıb.

“Sözügedən PUA SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni hava hücumundan müdafiə sistemi vasitəsilə izlənilib və məhv edilib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, “MQ-1” pilotsuz uçuş aparatı Əfqanıstanda 2 000 saatlıq uçuş təcrübəsi ilə tanınıb. İllər əvvəl ABŞ-nin Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun arsenalından çıxarılaraq “MQ-9” PUA-ları ilə əvəzlənib. Lakin ABŞ-nin “MQ-9” aparatlarının çoxunun vurulması səbəbindən yenidən “MQ-1” PUA-larından istifadə etməyə məcbur olduğu iddia edilir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib.

Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.