İndoneziyada gəmi qəzası

47

İndoneziya hökuməti ötən həftə Yava dənizində batan “Virgo Transport 8” sərnişin gəmisində itkin düşən 125 nəfərin axtarışını bazar ertəsi də davam etdirəcək. Hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, Surabayadan Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə 20 saatlıq səfərə çıxan gəmi sentyabrın 13-də əlverişsiz hava şəraitində çevrilib.

Gəmidə 30 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 243 nəfər olub. İndiyədək 108 nəfər xilas edilib, 10 nəfərin öldüyü təsdiqlənib.

Güclü su axını bazar günü aparılan axtarış-xilasetmə əməliyyatını çətinləşdirib. Axtarış-xilasetmə agentliyi bazar ertəsi dalğıcların fəaliyyətinə istiqamət vermək üçün gəminin daxilinə uzaqdan idarə olunan sualtı aparat göndərəcək.

Axtarış əməliyyatı itkin düşənlərin sayının çoxluğu və çevrilmiş gəminin əvvəlki vəziyyətinə qaytarılmasının vaxt aparacağı nəzərə alınaraq daha bir həftə uzadılıb.