Xəzər dənizi ilə bağlı regional fəaliyyət planının hazırlanması nəzərdən keçirilə bilər

132

Xəzər dənizində su səviyyəsinin azalması bir ildən artıqdır ki, regional görüşlərdə mühüm problem kimi müzakirə olunur.

Denizxeber.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatından bildirilib.

“Xəzər dənizinin su səviyyəsinin azalması mühüm problemlərdən biri kimi bir ildən artıqdır ki, regional görüşlərdə müzakirəyə çıxarılıb və üzv ölkələr bunun regional fəaliyyət planı çərçivəsində izlənilməsinin zəruriliyini vurğulayırlar”, – məlumatda qeyd olunub.

Bildirilib ki, İranın regional fəaliyyət planının hazırlanması ilə bağlı təklifi artıq Konvensiyanın Katibliyinə və üzv ölkələrə təqdim edilib. Məsələnin hazırda texniki baxımdan araşdırıldığı qeyd olunub.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) müvəqqəti katibliyi hazırda BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən Cenevrədə idarə olunur.

20–23 sentyabr 2026-cı il tarixlərində Tehranda keçirilən Tərəflər Konfransının 7-ci sessiyası (COP7) çərçivəsində İran Konvensiyaya növbəti dövr üçün rotasiya qaydasında sədrlik funksiyasını öz üzərinə götürüb.

Konvensiyanın daimi katibliyinin yerləşdirilməsi ilə bağlı Xəzəryanı ölkələr arasında müxtəlif təkliflər və müzakirələr aparılıb. Əvvəlki illərdə katibliyin Bakı və ya Tehrana köçürülməsi ilə bağlı təkliflər də səsləndirilsə də, hazırda rəsmi olaraq müvəqqəti katiblik fəaliyyətini UNEP-in Cenevrə regional ofisində davam etdirir.