Ekoloji tarazlığın qorunması

76

Hər il sentyabrın 22-də bir çox ölkədə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur. Ekoloji əhəmiyyət daşıyan bu gün piyada hərəkət, velosipeddən və ictimai nəqliyyatdan istifadəni təşviq etmək məqsədi daşıyır.

Denizxeber.az bildirir ki, ilk Ümumdünya Avtomobilsiz Günü 1973-cü ildə İsveçrədə təşkil edilib. Həmin dövrdə ölkə hakimiyyəti yanacaq böhranı ilə əlaqədar vətəndaşları dörd gün ərzində avtomobillərdən istifadə etməməyə çağırıb. Avtomobillərdən imtina ilə bağlı ilk ümummilli kampaniya isə Böyük Britaniyada keçirilib. Bir il sonra analoji kampaniya Fransada təşkil olunub.

Avropanın müxtəlif ölkələrində avtomobillərdən istifadənin məhdudlaşdırılmasına dair ayrı-ayrı kampaniyalar 1997-ci ilə qədər davam edib. Əvvəllər cəmi iki şəhərdə qeyd olunan bu günə hazırda təqribən dünyanın 1500 şəhərində 100 milyondan çox insanın qatıldığı bildirilir.

Müasir dövrdə avtomobillərdən tamamilə imtinanın mümkün olmadığını nəzərə alan şəhər və təşkilat rəhbərləri ən azı ildə bir dəfə avtomobil nəqliyyatının yaratdığı ekoloji və sosial problemlərə diqqət çəkməyə çalışırlar.

Avtomobillərin sayının artması yalnız iri şəhərlərin deyil, qlobal miqyasda aktual olan problemlərdən biridir. Avtomobil nəqliyyatı atmosferə və ətraf mühitə mənfi təsir göstərməklə yanaşı, yol-nəqliyyat hadisələri nəticəsində insan tələfatına da səbəb olur.

Hazırda bir çox ölkələrin iri şəhərlərində avtomobillərdən istifadənin azaldılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bəzi şəhərlərdə Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar xüsusi aksiyalar və tədbirlər təşkil olunur.

Azərbaycanda isə son məlumatlara görə, 1 milyon 950 min avtomobil qeydiyyata alınıb. Həmin nəqliyyat vasitələrinin 45,5 faizinin, yəni 885 min 683 avtomobilin istehsalından 20 ildən çox vaxt keçib. Köhnə avtomobillərin çoxluğu, xüsusilə iri şəhərlərdə və nəqliyyatın intensiv olduğu yaşayış məntəqələrində atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri kimi qeyd olunur.

Nəqliyyatın ətraf mühitə təsirinin azaldılması istiqamətində effektiv vasitələrdən biri hibrid və elektrik mühərrikli avtomobillərin sayının artırılmasıdır. Ötən il Azərbaycana 500-dən çox elektromobil idxal olunub.

Bu ildən etibarən hibrid və elektrik mühərrikli avtomobillərin gömrük rüsumundan azad edilməsi ilə bağlı tətbiq olunan güzəştlərin ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrindən istifadənin genişlənməsinə imkan yaradacağı gözlənilir.