Fövqəladə vəziyyət elan oluna bilər

100

Moldova parlamenti sentyabrın 22-də ölkədə enerji və hidrologiya sektorlarında fövqəladə vəziyyət elan edilməsi ilə bağlı məsələni müzakirə etmək üçün təcili iclas keçirəcək.

Denizxeber.az bildirir ki, “NewsMaker”in “European Pravda” qəzetinə istinadla yaydığı məlumata görə, bunu Moldova parlamentinin spikeri İqor Qrosu bildirib.

Spiker qeyd edib ki, hökumət nümayəndələri fövqəladə vəziyyət elan edilməsi ilə bağlı parlamentə müraciət edəcəklər. Onun sözlərinə görə, hökumət bununla bağlı bütün arqumentləri təqdim edəcək və əhalinin enerji, su və yanacaqla təmin olunması üçün təcili qərarlar qəbul edilməlidir.

“Bütün vasitələrdən istifadə olunmalıdır ki, əhalinin enerji, su və yanacaqla təminatı mümkün olsun”, – İ.Qrosu bildirib.

Parlamentin iclasından əvvəl hökumətin də toplantı keçirəcəyi gözlənilir.

Moldova Prezidenti Maya Sandu daha əvvəl ölkədə enerji və hidrologiya sektorlarında fövqəladə vəziyyət elan edilə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, hökumət gözlənilməz vəziyyətlərə çevik reaksiya verməyə hazır olmalıdır.

M.Sandu bildirib ki, yanacaq tədarükü ilə bağlı təcili qərarlar qəbul edilməli, Dnestr çayında suyun səviyyəsinin azalması və ya yanacağın qiymətinin artması davam edəcəyi təqdirdə müvafiq tədbirlər görülməlidir.

Moldova yay aylarında qonşu Rumıniyada Dunay çayının su səviyyəsinin kritik həddə enməsi, həmçinin ölkənin əsas su mənbəyi olan Dnestr çayında suyun səviyyəsinin azalması səbəbindən elektrik enerjisi istehsalında çətinliklərlə üzləşib.