Elmə məlum olmayan yeni balıq növü

208

Rusiya alimləri Xəzər hövzəsində, o cümlədən Azərbaycan və Qazaxıstan sahilləri yaxınlığında, eləcə də Volqa deltasında və Şərqi Manyç çayında əvvəllər elmə məlum olmayan iki yeni xul balıq növü aşkar ediblər.

Denizxeber.az bildirir ki, bu barədə Rusiya Elmi Fondunun mətbuat xidməti məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül Problemləri İnstitutunun mütəxəssislərinin apardığı genetik analiz nəticəsində müəyyən edilib ki, Xəzər dənizində əvvəllər hesab edildiyi kimi iki deyil, üç növ iribaş xul, Xəzər hövzəsində isə məlum olan altı növ əvəzinə ən azı yeddi növ mərmər xul yaşayır.

Yeni növlərdən birinə Xəzər “puqolovka”sı (çömçəbalığı) adı verilib. Bu növ Qazaxıstan sahillərində aşkar edilib. Hazırda alimlər həmin balığın cəmi iki fərdini müəyyənləşdirə biliblər.

İkinci yeni növ isə skif mərmər xulu adlandırılıb. Genetik tədqiqatlar bu növün Qara dənizdə yaşayan xul növləri ilə qohumluğunu göstərib.

Alimlərin sözlərinə görə, bu genetik yaxınlıq təxminən 2,1 milyon il əvvəl Qara dənizlə Xəzər dənizi arasında əlaqənin mövcud olduğuna dair göstəricilərdən biridir.