Yeni enerji mənbəyi sınaqdan keçirildi

102

Çinli tədqiqatçılar açıq dəniz şəraitində, 10 metr dərinlikdə fəaliyyət göstərən dünyanın ilk sualtı Günəş elektrik stansiyasını sınaqdan keçiriblər.

Denizxeber.az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, yeni sistem sualtı əməliyyatların enerji ilə təmin olunması üçün geniş perspektivlər vəd edir.

Məlumata görə, elektrik stansiyası Yünnan Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Alimlər 10 metr dərinlikdə perovskit quruluşlu, yəni yarımkeçirici materiallar sinfinə aid qurğuşun halogenidləri əsasında işləyən fotoelektrik sistem tətbiq ediblər.

Nəşrin məlumatına görə, suya yerləşdirilən qurğu batareyaları enerji ilə doldurub və işıqdiodlu paneli qidalandırıb. Bu isə okeanın tutqun mavi-yaşıl mühitində belə günəş enerjisi əldə etməyin mümkün olduğunu göstərib.

“Sualtı günəş elementlərinin əvvəlki versiyaları yalnız çox dayaz dərinliklər, yəni maksimum 2 metr üçün nəzərdə tutulmuşdu ki, bu da real istismar şərtlərindən uzaqdır. Təqdim olunan bu layihədə isə Günəş elementlərinin 10 metrə qədər dərinlikdə və real şəraitdə işləmək bacarığı ilk dəfə nümayiş etdirilir”, – deyə qəzet Yünnan Universitetinin alimi Venxua Çjanın sözlərini sitat gətirib.

Texnologiyanın müəllifləri hesab edirlər ki, bu ixtira gələcəkdə sualtı sensorlar, detektorlar, kameralar, rabitə sistemləri, eləcə də sualtı robotlar və digər aparatların enerji ilə təmin edilməsində istifadə oluna bilər.