Payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05-də daxil olub.
Denizxeber.az bildirir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir, Günəş isə düz şərqdə doğub qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam 12 saat olmur və gecədən bir qədər uzun davam edir.
Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan etibarən Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanır.
Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66,56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və dekabrın 22-də qış gündönümü ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.





