Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova Xəzər dənizində hərbi təlimlər zamanı baş verən faciə ilə bağlı başsağlığı verib.
Denizxeber.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Zakir Həsənov başsağlığında Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması, bir nəfərin yaralanması və bir neçə hərbçinin itkin düşməsi xəbərindən dərin kədər hissi keçirdiyini bildirib.
“Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyinə ümid edirəm. Allah rəhmət eləsin”, – deyə müdafiə naziri qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi də “X” sosial şəbəkəsində Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirdiyini bildirib.
“Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik”, – XİN-in paylaşımında bildirilib.





