“Mingəçevir Reqatası-2026”

180

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (AWSF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri keçiriləcək.

Denizxeber.az bildirir ki, milli komandanın heyəti Azərbaycan çempionatının nəticələri və son yarışlarda idmançıların nümayiş etdirdiyi performans nəzərə alınmaqla formalaşdırılıb. Sentyabrın əvvəlində keçirilən ölkə çempionatı məhz “Mingəçevir Reqatası-2026” üçün həm hazırlıq, həm də seçim xarakteri daşıyıb.

Kayak üzrə Elmir Tarverdiyev, Mustafa Vəlizadə, İvan Vorobyanski, Qiyas Əhmədov və Tengiz Qaqnidze, kanoe üzrə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə son beynəlxalq yarışlarda və Azərbaycan çempionatında fərqlənən avarçəkənlər sırasındadır. Akademik avarçəkmə üzrə ölkə çempionatında uğurlu nəticələr göstərən idmançılar da milli komandanın heyətinə cəlb olunub.

Federasiyanın məlumatına görə, heyətin müəyyənləşdirilməsində əsas meyar idmançıların cari nəticələri və yarışa hazırlıq səviyyəsidir. Seçim zamanı xüsusilə Azərbaycan çempionatında göstərilən nəticələr, ayrı-ayrı məsafələr üzrə göstəricilər, fiziki hazırlıq və beynəlxalq rəqabətə hazırlıq səviyyəsi nəzərə alınıb.

Son ölkə çempionatında K1 və K2 üzrə 500 və 1000 metr, eləcə də kanoedə C1 üzrə 500 və 1000 metr məsafələrdə fərqlənən idmançılar olub. İvan Vorobyanskiy K1 500 və 1000 metr məsafələrdə, Hüseyn Səmədli isə C1 500 və 1000 metrdə qalib gəlib. Elmir Tarverdiyev və Mustafa Vəlizadə K2 500 metr məsafədə birinci olublar.

Bununla yanaşı, yarışın ilk günü Füzulidə K1 və C1 üzrə 200 metr məsafəyə yürüşlər keçiriləcək. Bu, Azərbaycan komandasının sürət yarışlarında da özünü göstərməsi üçün imkan yaradacaq. Növbəti iki gün ərzində isə Mingəçevirdə bütün növlər üzrə yarışlar təşkil olunacaq.

Federasiyadan bildirilib ki, əsas məqsəd yalnız medal qazanmaq deyil, həm də gənc və perspektivli avarçəkənlərin beynəlxalq yarış təcrübəsini artırmaq və qarşıdakı daha böyük turnirlər üçün milli komandanın əsasını formalaşdırmaqdır.

Qeyd edək ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdmanı Növləri Federasiyası Suqovuşan və Köndələnçay su anbarlarında avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirir.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə Sərsəng su anbarında da beynəlxalq yarış təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku-2026” reqatasının ilk günü Sərsəng su anbarında keçirilib.