Sentyabrın 24-də qeyd olunan Ümumdünya Dəniz Günü münasibətilə hidrosferin qorunması və onun bioloji resurslarından səmərəli istifadə olunması məsələləri beynəlxalq ictimaiyyətin diqqətindədir. Bu tarix ekoloji tarazlığın və planetdə həyatın təmin edilməsində Dünya okeanının mühüm rolunu bir daha xatırladır.
Denizxeber.az bildirir ki, okean böyük dayanıqlıq qabiliyyətinə malik olsa da, onun imkanlarının da müəyyən həddi var. İsveçin Lund Universitetinin su ehtiyatlarının mühəndisliyi üzrə professoru, Yaxın Şərq üzrə Qabaqcıl Araşdırmalar Mərkəzinin direktoru Ronni Berndtsson AZƏRTAC-ın müxbirinə müsahibəsində iqlim dəyişmələrinin və su hövzələrinin çirklənməsinin dəniz ekosistemlərinə təsiri, eləcə də bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklər barədə danışıb.

Professorun sözlərinə görə, dəniz ekosistemlərinin qorunması üçün okeana təsir edən çoxsaylı təzyiq amillərinin eyni vaxtda azaldılması əsas prioritetlərdən biri olmalıdır. Burada xüsusilə iqlim dəyişmələrinə diqqət yetirilməlidir.
“İstixana qazlarının emissiyalarının azaldılması fundamental əhəmiyyət daşıyır. Okeanın istiləşməsi və turşulaşması son nəticədə atmosferdə istixana qazlarının toplanması ilə bağlıdır”, – deyə R.Berndtsson bildirib.
Onun fikrincə, dəniz ehtiyatlarının həddindən artıq istismarının qarşısının alınması, balıqçılığın dəyişən ekosistem şəraitinə uyğun idarə olunması, mərcan rifləri, manqrov meşələri, dəniz çəmənlikləri, şoranlıqlar və laminariya meşələri kimi mühüm sahilyanı yaşayış mühitlərinin qorunması və bərpası da vacibdir.
Professor qurudan dənizə daxil olan tullantıların, xüsusilə qida maddələri, çirkab suları, plastik tullantılar və kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrin yaratdığı çirklənmənin azaldılmasının vacibliyini də vurğulayıb.
O, beynəlxalq sazişlər üzrə öhdəliklərin praktiki şəkildə həyata keçirilməsinin də mühüm olduğunu qeyd edib. R.Berndtssonun sözlərinə görə, beynəlxalq öhdəliklərlə onların icrası arasındakı fərq aradan qaldırılmalı, milli qanunvericiliyə uyğunlaşdırma, icranın təmin edilməsi, kadr hazırlığı və praktiki tədbirlərə diqqət artırılmalıdır.
Professorun sözlərinə görə, mühafizə olunan dəniz əraziləri mühüm vasitədir, lakin yalnız onların elan edilməsi kifayət deyil. Bu ərazilərin səmərəli idarə olunması da vacib şərtdir. Onun sözlərinə görə, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qiymətləndirmələri 2030-cu ilədək dəniz ərazilərinin 30 faizinin qorunmasına dair qlobal məqsədə nail olmaq üçün mühafizə olunan ərazilərin genişləndirilməsinin zəruriliyini göstərir.
Dənizlərin istiləşməsi ekosistemlərə necə təsir edir?
R.Berndtsson bildirib ki, suyun temperaturunun yüksəlməsi dəniz canlılarını onların fizioloji imkanlarının hüdudlarına yaxınlaşdırır. Bunun ən bariz nümunələrindən biri mərcan rifləridir.
Onun sözlərinə görə, temperaturun normal həddən cəmi 1–2 dərəcə yuxarı qalxması belə mərcanların kütləvi ağarmasına və məhvinə səbəb ola bilər. Riflərin deqradasiyası onların biomüxtəlifliyi qorumaq, eləcə də sahilləri dalğalardan və fırtınalardan müdafiə etmək qabiliyyətini zəiflədir.
İstiləşmə həmçinin dəniz canlılarının yaşayış areallarını dəyişir. Bir sıra növlər daha yüksək enliklərə və ya daha dərin, sərin sulara miqrasiya edir. Bu proses qida zəncirlərinə və sahilyanı ekosistemlərin strukturuna təsir göstərə bilər.
Daha isti suda oksigenin miqdarının azalması və suyun təbəqələşməsinin güclənməsi də problemlər yaradır. Bu isə oksigenin suyun daha dərin qatlarına daxil olmasını çətinləşdirir.
Professor dənizlərin istiləşməsi ilə dəniz səviyyəsinin yüksəlməsi arasında da birbaşa əlaqənin olduğunu bildirib. Daha isti su genişlənir və bu proses istilik genişlənməsi adlanır. Bundan əlavə, qurudakı buzlaqların və buz örtüklərinin əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan digər mühüm amildir.
Onun sözlərinə görə, bu proses sahilyanı icmalar üçün qarşılıqlı təsir yaradır: dənizlərin istiləşməsi sahillərin təbii mühafizəsini zəiflədir, dəniz səviyyəsinin yüksəlməsi isə həmin ekosistemlərə və icmalara təzyiqi artırır.
İqlim dəyişikliyi balıq ehtiyatlarına da təsir göstərir
R.Berndtssonun fikrincə, gələcəkdə ərzaq təhlükəsizliyi üçün ciddi risklər mövcuddur. Bununla belə, o, vəziyyətin “okeanlarda balıq yox olacaq” kimi təqdim edilməsinin düzgün olmadığını bildirib.
Professor qeyd edib ki, iqlim dəyişikliyi balıqların yaşayış mühitinə, böyümə sürətinə, çoxalma dövrlərinə və müxtəlif ekosistemlərin məhsuldarlığına təsir göstərir. Bir sıra balıq növləri daha sərin sulara doğru hərəkət edir. Bu isə müxtəlif regionlarda balıqçılığın imkanlarının dəyişməsinə səbəb ola bilər.
R.Berndtsson bildirib ki, şimaldakı balıqçılıq təsərrüfatları qütblərə doğru miqrasiya edən növlərdən faydalana bilsə də, tropik və subtropik bölgələrdə balıqçılıq təsərrüfatları ciddi itkilərlə üzləşə bilər. Bu vəziyyət qida rasionu və iqtisadiyyatı yerli balıqçılıqdan əhəmiyyətli dərəcədə asılı olan ölkələr və sahilyanı icmalar üçün xüsusilə ciddi problem yaradır.
Okeanların kimyəvi tərkibində baş verən dəyişikliklər də əlavə risklər yaradır. Atmosferdəki karbon qazının artan miqdarı okean tərəfindən udulur və bu, suyun pH göstəricisinin aşağı düşməsinə, həmçinin karbonat ionlarının əlçatanlığının azalmasına səbəb olur. Nəticədə istiridyə, midiya, mərcan və digər kalsiumlaşan orqanizmlərin qabıq və skelet formalaşdırması çətinləşə bilər.
Professor balıqçılığın səmərəli idarə olunmasının dəyişən iqlim şəraitinə davamlılığı artırmaq baxımından mühüm rol oynaya biləcəyini də qeyd edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə əsasən, su heyvandarlığı məhsullarının dünya üzrə istehsalı rekord həddə çatıb və 2024-cü ildə akvakultura məhsullarının həcmi ilk dəfə 100 milyon tonu ötüb. Bununla yanaşı, dayanıqlığın və ədalətli resurs bölgüsünün təmin edilməsi qarşıda duran əsas vəzifələrdən biri olaraq qalır.
R.Berndtssonun sözlərinə görə, iqlim dəyişikliyi bu vəzifəni daha da çətinləşdirir. Onun istinad etdiyi FAO-nun 2026-cı il üzrə qiymətləndirməsində bildirilir ki, istiləşmə hazırkı templə davam edərsə, 2050-ci ilədək bəzi regionlarda davamlı şəkildə ovlana biləcək balıq həcmi 10 faizdən çox azala bilər.
Hazırda 3,1 milyarddan çox insan heyvan mənşəli zülalın ən azı 20 faizini su orqanizmlərindən əldə edir. Buna görə də dəniz ekosistemlərinin qorunması yalnız ekoloji məsələ deyil, eyni zamanda qlobal ərzaq təhlükəsizliyi və sosial rifahla bağlı mühüm problemdir.




