Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilən Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Denizxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.
Şahid C.Ə. təqsirləndirilən şəxsi tanımadığını bildirib. O, sürücü işlədiyini və Amil adlı şəxsin zəngi ilə Türkan limanından yük götürdüyünü deyib. Şahid yükün nədən ibarət olduğunu bilmədiyini, konteynerlərin bağlı olduğunu və bu cür reyslərə görə 140 manat ödəniş aldığını bildirib.
Digər şahid Ş.M. limanda operator işlədiyini və yalnız konteynerlərdən yüklərin boşaldılmasında iştirak etdiyini qeyd edib.
Şahid Ə.Ə. də Fariz Məhərrəmovu tanımadığını deyib. O, yükləri boşaltdıqdan sonra konteyneri gəminin yanına apardığını və yükün Türkmənistana və ya Qazaxıstana aparıldığını ehtimal etdiyini bildirib.
Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markası olmayan tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim edilir. Onunla bağlı cinayət işi ayrıca icraata ayrılıb.
Fariz Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 206.4-cü, 213-1.2.1-ci və 213-1.2.3-cü maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.





