Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlı diaspor nümayəndələri Xəzər sahilində axtarış-xilasetmə əməliyyatının aparıldığı əraziyə hərbçilər və xilasedicilər üçün isti yemək, su və içkilər çatdırıblar.
Denizxeber.az bildirir ki, yardım diaspor nümayəndələri, restoran sahibləri və digər sahibkarların şəxsi imkanları hesabına təşkil olunub.
Diaspor nümayəndəsi Elmir Şahsuvarovun sözlərinə görə, azərbaycanlılar axtarış-xilasetmə işləri başa çatana qədər xilasedicilərə lazımi dəstəyi göstərməyə hazırdırlar.
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Manqistau vilayətində keçirdiyi təlimlər zamanı hərbi qulluqçular həlak olublar.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hava şəraitinin kəskin pisləşməsi və güclü külək nəticəsində 19 hərbçi dənizə düşüb. Hadisə nəticəsində 12 hərbçinin həlak olduğu təsdiqlənib, 3 nəfər xilas edilib. Digər hərbçilərin axtarışları davam etdirilib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL təyyarəsi qəzaya uğramışdı. Qəzanın nəticələrinin aradan qaldırılması zamanı xilasedicilərlə yanaşı, yerli sakinlər də yardım göstərmişdilər.





